“Artıq Rusiya-Ukrayna müharibəsinin üçüncü ili tamam olub. ABŞ-nin vasitəçiliyi ilə danışıqlar gündəmdə olsa da, savaş davam edir. Döyüşlərin nə zaman sona çatacağını kimsə dəqiq deyə bilmir. Nəticəni proqnozlaşdırmaq da asan deyil. Müharibənin sonu ilə bağlı müxtəlif proqnozlar var”.
Bu barədə Bizimyol.info xəbər portalına Milli Məclisin deputatı Müşfiq Cəfərov danışıb. Deputat qeyd edib ki, Rusiya-Ukrayna müharibəsi dünya inkişafının bir sistematik xarakter daşıdığını və istənilən kiçik problemin də dünya ölkələrinin əksəriyyətinə təsirsiz ötüşməyəcəyini göstərdi.
Müşfiq CəfərovMüşfiq Cəfərov bildirib ki, İkinci Dünya müharibəsindən sonra müəyyən mənada oturuşmuş bir təhlükəsizlik sistemi mövcud idi, lakin Rusiyanın Ukraynaya qarşı müharibəyə başlaması dünyadakı mövcud sabitliyi pozdu: “Bu muharibə beynəlxalq sistemin nə qədər kövrək olduğunu göstərdi. Avropa liderləri bu məsələdə "sərhədlərin toxunulmazlığı" prinsipinə xüsusi diqqət yetirilməli olduğunu bir daha anladı. Çünki bu prinsipin pozulması dünyada xaos yarada bilərdi. Toqquşmalar saysız-hesabsız insan tələfatı ilə yanaşı, ciddi iqtisadi itkilərə də səbəb oldu.
Müharibə faktoru həm Ukrayna, həm də Rusiya ilə ticarət tərəfdaşı olan Azərbaycanın gəlirlərinə də təsirsiz ötüşməyib. İstər iqtisadi, istərsə də bank sistemində müharibənin mənfi təsirləri oldu.
Hazırda davam edən Ukrayna böhranı üzrə danışıqlar yəqin ki, bu həftə öz kulminasiya nöqtəsinə çatacaq. ABŞ və Ukrayna Cenevrədə Avropa Birliyinin aparıcı dövlətlərinin də qatıldığı görüşdə yenilənmiş sülh müqaviləsi layihəsini hazırlayıb. Hətta bu haqda Ağ Ev rəsmi məlumat yayıb”.
İradə Cəlil, Bizimyol.info






