Yol hərəkət qaydaları hər kəs üçün keçərlidir. Lakin bəzi nəqliyyat vasitələri - xüsusilə də xüsusi təyinatlı maşınlar, o cümlədən yanğınsöndürənlər - müəyyən hallarda bu qaydalardan istisna edilə bilirlər. Yanğınsöndürən maşınlar fövqəladə vəziyyətlərə operativ müdaxilə üçün nəzərdə tutulduğundan, onların hərəkəti digər nəqliyyat vasitələrindən fərqli qaydalarla tənzimlənir.
Bakı Şəhər DYP İdarəsinin bölmə rəisi, polis mayoru Toğrul Nəsirli Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, belə nəqliyyat vasitələrinin sürücüləri sayrışan işıq və xüsusi səs siqnalını qoşmalıdırlar.

“İlk növbədə qeyd edim ki, operativ nəqliyyat vasitəsi dedikdə üstündə xüsusi qrafikalar, rəngli sxemlər yazılar və tanınma nişanları olan xüsusi işıq və səs siqnalları ilə təsis edilmiş avtomobillər nəzərdə tutulur. Mövcud qanunvericiliyin tələblərinə əsasən hərəkətin başqa iştirakçıları qarşısında üstünlük almağı üçün belə nəqliyyat vasitələrinin sürücüləri sayrışan işıq və xüsusi səs siqnalını qoşmalıdırlar. Həmin sürücülər onlara yol verildiyini yəqin etdikdən sonra üstünlükdən istifadə edə bilərlər. Bu halda inzibati məsuliyyət nəzərdə tutulmur. Eyni zamanda üstün hərəkət rejimi nəqliyyat vasitəsinin sürücüsü yol hərəkətinin qalan iştirakçılarını təhlükə altına qoymamaq şərti ilə yol hərəkəti haqqında Azərbaycan Respublikası qanunun tələblərindən kənara çıxa bilər. Bununla yanaşı, üstün hərəkət rejimi nəqliyyat vasitələri zərurətdən irəli gələn surətlə hərəkət edə bilərlər və həmin avtomobillərin sürücüləri yol nəqliyyat hadisələrinin qarşısını almaq üçün hər cür tədbir görməlidirlər”-deyə Bakı Şəhər DYP İdarəsinin bölmə rəisi, polis mayoru Toğrul Nəsirli qeyd edib.
Günel Həsənova, Bizimyol.info






