Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Alimentin miqdarı tərəflərin ailə və maddi vəziyyəti, həmçinin diqqətəlayiq başqa hallar nəzərə alınmaqla artırıla bilər”
"Alimentin miqdarı tərəflərin ailə və maddi vəziyyəti, həmçinin diqqətəlayiq başqa hallar nəzərə alınmaqla artırıla bilər”

Aliment və uşağın qəyyumluğu məsələləri hər bir ailənin həyatı üçün çox önəmlidir. Bu hüquqi məsələlər həm valideynlərin, həm də uşaqların hüquqlarının qorunması baxımından diqqət tələb edir. Alimentin miqdarı təkcə uşağın yeməyinə görə deyil, digər xərclərə görə də müəyyən edilməlidir. Məsələn; yemək xərcləri, geyim xərcləri, təhsil xərcləri və s. müəyyən edilib aliment təyin edilməlidir.

  • Aliment məbləği necə müəyyən edilir?
  • Bəs, uşağın qəyyumluğunun hansı valideynə verilməli olması müəyyən edilərkən, digər valideynin məcburi ünsiyyət hüququ necə təyin edilməlidir?

Mövzu ilə bağlı Bizimyol.info xəbər portalına Vəkillər Kollegiyasının üzvü Rəşad Əliyev bildirib ki, məhkəmə uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğu barədə əmlak bölünməsi məsələsini müəyyən etməlidir: “Nikah məhkəmə qaydasında pozularkən, ər-arvad məhkəməyə yetkinlik yaşına çatmayan uşaqlarının kiminlə qaldığını, uşaqların və (və ya) ehtiyacı olan və əmək qabiliyyəti olmayan ərin (arvadın) saxlanması üçün vəsaitin ödənilmə qaydasını, bu vəsaitin miqdarını və ər-arvadın ümumi birgə mülkiyyətinin bölünməsini müəyyən edən saziş təqdim edə bilərlər. Belə saziş olmadıqda, yaxud da saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda, məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını, uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğu barədə əmlak bölünməsi məsələsini müəyyən etməlidir.

Aliment məbləği hər ay bu şəkildə tutulur:

  • 1 uşağa görə-qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi;
  • 2 uşağa görə-qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi;
  • 3 və daha çox uşağa görəqazancın (başqa gəlirlərin) yarısı.

Bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər.

Aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmçinin tərəflərdən hər biri ilə uşaq qalıbsa, bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilir. Praktikada daha çox rast gəlinən isə odur ki, adətən sabit pul məbləğində aliment həmin il üçün uşaqlara görə müəyyən edilmiş yaşayış minimumu həddində olur.

Əgər tərəflər nikah pozulmasa belə faktiki ayrı yaşayırlarsa və uşaqlar valideynin birinin yanındadırsa, yaxud da birgə nikah dövründə uşaqlara baxmırsa bu halda digər valideyndən aliment tələb edilə bilər. Yaxud tərəflər arasında ümumiyyətlə nikah olmasa belə, atalıq müəyyən olunduğu halda ananın uşaq üçün aliment tələb etmək hüququ vardır”.

Vəkillər Kollegiyasının üzvü Rəşad Əliyev Rəşad Əliyev

Rəşad Əliyevin sözlərinə görə, valideynin uşağı ilə görüşməsi onun mənafeyinə zidd olmamalıdır: “Həmçinin qeyd edək ki, nikah pozulması barədə iddiaya baxarkən, uşağın digər valideynlə ünsiyyəti barədə mübahisə varsa, tərəfin ərizəsinə əsasən bu məsələyə də hüquqi qiymət verməlidir. Məhkəmə digər valideynin ünsiyyəti ilə bağlı qərar çıxarmalıdır. Bu məsələ belə tənzimlənir ki, məsələn, əgər uşaq anada qalırsa və ata deyirsə “ana uşağı mənə göstərmir” və nikahın pozulması ilə bağlı ərizə verirsə, bununla bağlı iddiaya baxarkən qətnamədə onunla bağlı da qeyd edir. Hansı qaydada görüş təyin etməsinə gəlincə isə yəni uşağın təhsilinə, istirahətinə zidd olmayan vaxtlarda digər valideynlə görüş təyin olunur. Bu adətən həftəsonu və uşağın məktəbə, yaxud bağçaya getmədiyi vaxt, yatmaq və istirahət vaxtlarına aid olmadığı vaxtda təyin olunur ki, uşağın mənafeyinə zidd olmasın”.

Günel Həsənova, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »