Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Hər bir binada insanların sağlam və təhlükəsiz şəkildə təxliyə olunması üçün təxliyə planları mövcud olmalıdır"
"Hər bir binada insanların sağlam və təhlükəsiz şəkildə təxliyə olunması üçün təxliyə planları mövcud olmalıdır"

Yaşayış binalarının zirzəmisi, kürsüsü, birinci və ikinci mərtəbələrində ictimai təyinatlı obyektlərin yerləşdirilməsinə yol verilmir. Bu, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının təsdiqlədiyi "Yaşayış binaları. Layihələndirmə normaları"nda öz əksini tapıb. Lakin buna baxmayaraq, paytaxtda demək olar ki, əksər binaların altında belə obyektləri görmək olar. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının təsdiqlədiyi "Yaşayış binaları. Layihələndirmə normaları"na əsasən, binaların zirzəmisində və ya birinci mərtəbəsində sahəsi 250 m2-dən artıq, oturacaq yerlərinin sayı 50-dən çox olan yeməkxana və istirahət müəssisələri, partlayış və yanğın təhlükəli maddə və materiallar satılan mağazalar, tezalışan maddələrlə işləyən məişət xidməti müəssisələri, hamamlar, saunaların fəaliyyəti qadağandır.

Paytaxtda yaşayış binalarının zirzəmisi və birinci mərtəbəsində ictimai təyinatlı obyektlərin yerləşdirilməsi ilə bağlı normalar olsa da, bu qadağalara riayət edilmədiyi hallara rast gəlinir.

  • Nazirlik və Komitə bu vəziyyətin qarşısını almaq üçün hansı tədbirlər görür?
  • Vətəndaşların və müvafiq qurumların təhlükəsizliyi necə təmin olunur?

Təhlükəsizlik eksperti Orxan Musayev Bizimyol.info xəbər portalına bildirib ki, yanğın siqnalizasiya sistemləri daim işlək vəziyyətdə saxlanılmalıdır.

Orxan Musayev Orxan Musayev

“Binalarda təhlükəsizlik tədbirləri çoxmərtəbəli yaşayış mühitinin ən vacib komponentlərindən biri hesab olunur. Təhlükəsizlik yalnız avadanlıqlardan ibarət deyil, həm də insanların düzgün davranışından, texniki sistemlərin düzgün işləməsindən və ümumi nəzarətdən formalaşan bir prosesdir. Binanın mühəndis kommunikasiya xətləri, elektrik sistemi, qaz xətləri, havalandırma qurğuları mütəmadi olaraq yoxlanılmalıdır. Yanğın siqnalizasiya sistemləri daim işlək vəziyyətdə saxlanılmalıdır.

Hər bir binada insanların sağlam və təhlükəsiz şəkildə təxliyə olunması üçün təxliyə planları mövcud olmalıdır. Yanğın hadisələrinin baş verməməsi üçün öncədən tədbirlər görülməlidir. Yanğın hadisələri baş verdikdən sonra isə insanların həyat və sağlamlığına zərərin dəyməməsi üçün görülməli olan kompleks tədbirlər var ki, onlara əməl olunmalıdır.

Yanğın baş verdikdə insanların ümumən zərər görməməsi üçün ilk növbədə panikadan uzaq olmaq lazımdır. Tüstü ilk növbədə yuxarıya doğru yığılmağa davam edir, ona görə tüstü olan zonalara yerə yaxın uzanaraq və ya oturaraq hərəkət etmək lazımdır ki, tüstüdən zəhərlənmə halları minimuma endirilsin. Mümkün qədər tez təhlükəsiz əraziyə çıxmaq lazımdır. Əgər çıxış yolu bağlıdırsa, təxliyə olunmaq mümkün deyilsə, sakinlər qapı boşluqlarını nəm parça ilə bağlamalı, tüstünün qarşısını kəsməli və balkona çıxaraq müvafiq dövlət qurumları tərəfindən kömək gözləməlidirlər.

Tüstü yanğında ölümün əsas səbəblərindən biri hesab olunur. Ona görə də yanğın baş verən zaman əsas məsələlərdən biri də tüstüdən qorunmaqdır. Binanın 1-ci mərtəbəsində restoran və digər ictimai iaşə obyektlərinin yerləşməsi təbii ki, əlavə risklər yarada bilər. Çünki burada istilik mənbələri çoxdur. Ancaq ölkəmizdə mövcud olan qaydaların tələblərinə görə yaşayış binalarının qeyri-yaşayış sahələrinə təbii qazın verilməsi qadağandır. Bununla belə hər hansısa bir qazla istismar olunan cihazların həmin qeyri-yaşayış sahələrində istifadə olunması da təhlükəli olduğuna görə qadağan edilib. Yalnız elektrik qızdırıcılardan istifadə icazəlidir. Lakin həmin obyektlərin üst mərtəbəsində yaşayış mövcud olduğuna görə yanğın təhlükəsi təkcə biznesə deyil, orada yaşayan insanların həyat və sağlamlığını da risk altına atır. Yaşayış binalarının qeyri-yaşayış sahələrində bu cür istənilən obyektlərin təşkil olunması zamanı tələb olunan normativ tələblərə riayət olunmalıdır. Yanğın törədə biləcək bütün amillər nəzərdən keçirilməli və yığışdırılmalıdır. Yanğın siqnalizasiya sistemləri, ilkin yanğınsöndürmə vasitələri təmin olunmalıdır. Bundan əlavə olaraq restoranla yaşayış sahəsi arasında izolyasiya sistemləri qurulmalıdır. Tüstünün qoxunun, mənzilə keçməsinin qarşısı alınmalıdır.

Əsas vacib məqam ondan ibarətdir ki, təhlükəsizlik təkcə texniki məsələlərdən ibarət deyil. Burda həm obyekt sahibinin məsuliyyəti, həm sakinlərin diqqəti, həm də ümumi maarifləndirmə böyük rol oynayır. Hər birimiz xırda detallara önəm verməliyik. Qaz cihazlarını nəzarətsiz qoymamaq, elektrik avadanlıqlarını düzgün istifadə etmək, bu cür faciələrin qarşısını almaq üçün ən uğurlu və düzgün addımlardan biri hesab olunur. Çünki təhlükəsizlik hamımızın birgə yaratdığı mədəniyyətdir”-deyə Orxan Musayev qeyd edib.

Günel Həsənova, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »