Paytaxtın Yasamal rayonu, Mirəli Seyidov küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğın nəticəsində üç nəfər boğularaq ölüb. Onların arasında 7 yaşlı qız uşağı Arzu Qənbərli də var.
Bizimyol.info xəbər verir ki, yanğın nəticəsində ən azı, 20 nəfər də zəhərlənib. Onlar xəstəxanaya yerləşdirilib, hazırda vəziyyətlərinin qənaətbəxş olduğu bildirilir.
Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumata görə, yaşayış binasında baş verən yanğınla əlaqədər Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsinin əməkdaşları tərəfindən aidiyyəti dövlət qurumları, o cümlədən Fövqəladə Hallar Nazirliyinin əməkdaşları ilə birgə hadisə yeri müayinə olunur. Həmçinin digər zəruri prosessual hərəkətlər icra edilir:
“Yanğının baş vermə səbəbinin müəyyən olunması məqsədilə müvafiq istintaq hərəkətləri keçirilməklə ekspertizalar təyin olunub”.
Həmçinin qeyd olunub ki, faktla bağlı Baş Prokurorluqda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır: “Nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək”.
Şahidlərin sözlərinə görə, yanğın saat 19.30 radələrində binanın elektrik şaxtasında başlayıb və təxminən iki saat davam edib.
Aytən, Bizimyol.info






