Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Narkotiklərlə mübarizə: 5 il ərzində 33.5 ton dövriyyənin qarşısı alınıb, 39 min nəfər məsuliyyətə cəlb olunub
Narkotiklərlə mübarizə: 5 il ərzində 33.5 ton dövriyyənin qarşısı alınıb, 39 min nəfər məsuliyyətə cəlb olunub

28-31 oktyabr tarixlərində Avstriyanın paytaxtı Vyana şəhərində narkotiklərlə bağlı qanunlara riayət olunmasının təmin edilməsi üzrə milli idarələrin rəhbərlərinin 16-cı iclası keçirilib. Tədbirdə Azərbaycanı Dövlət Təhlükəsizliyi Xidməti (DTX) və Daxili İşlər Nazirliyinin (DİN) aidiyyəti əməkdaşlarından ibarət nümayəndə heyəti təmsil edib.

Bizimyol.info xəbər verir ki, iclasda Azərbaycan nümayəndə heyəti narkotik maddələr və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı beynəlxalq konvensiyaların müddəalarından irəli gələn vəzifələrin icrası, Azərbaycanda narkotiklərin qaçaqmalçılığına qarşı mübarizə, ölkənin narkotik maddələrin daşınması üçün tranzit marşrutu kimi istifadə edilməsinin qarşısının alınması istiqamətində, bu sahədə qəbul olunmuş Dövlət proqramları çərçivəsində görülmüş tədbirlər barədə ətraflı məlumat verib. Bildirilib ki, ötən müddətdə Azərbaycan tərəfi ilə narkotiklərin qanunsuz dövriyyəsinə qarşı BMT-nin müvafiq qurumu (UNODC), İNTERPOL və digər beynəlxalq və regional təsisatlar arasında səmərəli əməkdaşlıq əlaqələri yaradılıb. Eyni zamanda, son vaxtlarda ABŞ-nin Narkotiklərlə Mübarizə İdarəsi (DEA) ilə qurulmuş işgüzar münasibətlərə də toxunulub.

Həmçinin vurğulanıb ki, 2019-2024-cü illər ərzində Azərbaycanın hüquq-mühafizə orqanlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı apardığı mübarizə çərçivəsində 47.863 fakt aşkar edilib. Bu dövrdə 33,5 ton müxtəlif növ narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının qanunsuz dövriyyəsinin qarşısı alınıb, 510 nəfəri əcnəbi olmaqla, ümumilikdə 39.002 şəxs cinayət məsuliyyətinə cəlb edilib.

Rəsmi statistikaya görə, son iki ildə qonşu ölkələrdən Azərbaycan vasitəsilə 10 narkotik qaçaqmalçılığı cəhdi qeydə alınıb və nəticədə 600 kiloqram narkotik vasitə müsadirə edilib.

Tədbirdə Azərbaycan nümayəndə heyəti tərəfindən tərəfdaş dövlətlərin istintaq orqanları və əməliyyat qurumları arasında əlaqələrin və əməliyyat məlumatlarının mübadiləsinin genişləndirilməsi, o cümlədən beynəlxalq nəqliyyat dəhlizləri vasitəsilə narkotik vasitələrin daşınmasına ölkələrin birgə nəzarətinin təşkili ilə bağlı təkliflər irəli sürülüb.

Bundan başqa, müasir dövrdə göstərilən sahədə yaranmış təhdidlər sırasında internet üzərindən narkotik vasitələrin satışının həyata keçirilməsinin, cinayətkarların pilotsuz uçuş aparatlarından narkotiklərin daşınmasında istifadə etmələrinin yer alması narahatlıq doğuran hallar kimi diqqətə çatdırılıb.

Xüsusilə qeyd olunub ki, ümumbəşəri bəlaya çevrilmiş narkotiklərin qeyri-qanuni dövriyyəsi, bu işlə məşğul olan cinayətkar qruplaşmaların zərərsizləşdirilməsi yönündə birgə səylərin gücləndirilməsinə, qarşılıqlı fəaliyyətin və informasiya mübadiləsinin daha da intensivləşdirilməsinə ciddi ehtiyac var.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »