Adətən deyirlər ki, uşağı ana tərbiyə edir. Atalar vin maddiyyatını təmin edən qüvvə olduğu üçün evdə az zaman keçirir, bu səbəbdən də uşağın tərbiyəsi ilə məhz analar məşğul olmalı olur. Bu zaman ciddi sual ortaya çıxır: əgər uşaqları analar tərbiyə edirsə, bəs o zaman “yeniyetmə oğul anasını öldürdü” xəbərlərində öldürülən qadınlar övladların tərbiyə edərkən nəyi səhv edirlər. Necə olur ki, analar öz qatillərini özləri yetişdirirlər. Səhv harda edilir?
Kliniki psixoloq Ramin Hacıyev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, cəmiyyətdə övladların sadəcə ana tərbiyəsi gördüyü düşüncəsi var, amma əslində hər bir övladın tərbiyələndirilməsində və onun psixikasının, şəxsiyyətinin formalaşmasında hər iki valideyn iştirak etməlidir.
Ramin HacıyevPsixoloqun fikrincə, ana tərbiyəsi ilə böyümüş uşaqlar sırf qadın yanaşmasını daha çox görmüş olur.
“Qadınlar hər şeydə həssas yanaşma sərgiləyir və daha emosionaldır. Bütün bu məsələlərin kökündə o yatır ki, həmin o kişi xasiyyətli böyüyən və ya böyüməli olan bir gənc oğlan şəxsiyyət sırf daha çox qadından nəsə götürür. Həyatda hansısa böhranlar qaçılmazdır.
Hansısa böhran vəziyyətində həmin uşaq bu məsələyə emosional reaksiya verdiyi üçün sinirlərini cilovlaya bilmir, özünü tənzimləyə bilmir. Stressə davamlılıq baxımından daha həssas olur”-deyən Ramin Hacıyev bildirib ki, kişilərlə qadınların fərqi soyuqqanlı qərar vermək, hər bir şeyə daha sakit bucaqdan yanaşmağı bacarmaqdır.
Ramin Hacıyev hesab edir ki, sırf qadın tərbiyəsi alan ailələrdə formalaşan oğlan uşaqları belə bir problemlərlə üzləşir, çünki onlar kişi baxış bucağından bixəbər olurlar və problemin də kökü buradan başlayır: “Sonradan belə uşaqlar öz qurduqları ailələrdə düzgün xarakter ortaya qoymuş olurlar. Çünki belə ailələrdə qız övladlarının, həmin şəxslərin xanımlarının gözləntiləri olur ki,
ata burda hansısa qərarlarla, hansısa bir mövqe ilə çıxış edəcək. Hər hansı bir situasiya da ondan gözləntiləri odur. Təəssüf ki, həmin şəxslər kişi mədəniyyətini və kişi tərbiyəsini görmədiyi üçün o bilmir ki, burada hansı reaksiyalar verilməlidir və özünü necə aparmalıdır”.
Ramin Hacıyev qeyd edib ki, bu gün yaşanılan əksər problemlər də, məhz bu vəziyyətdən qaynaqlanır: “Biz təfəkkürümüzü dəyişməliyik. Yanaşmamızı dəyişməliyik ki, övladların böyüdülməsində tək ana iştirak etməməlidir. Ailə institutu olaraq, hər iki tərəf - ana da, ata da öz iştirakını verməlidir. Bu mütləqdir ki, sonradan biz hansısa bu kimi problemlərlə üzləşməyək. Sağlam psixikalı, sağlam düşüncəli insanlar yetişdirə bilək”.
İradə Cəlil, Bizimyol.info






