“Atəşgah” məbədinin yaxınlığında mağazalarda turistlərin yaddaşında Azərbaycanı xatırladacaq hədiyyələr satılır. Burada hər zövqünə, hər qiymətə uyğun hədiyyələr var. Hədiyyələrin əksəriyyəti Azərbaycanın zəngin mədəniyyətini, tarixini, sənətkarlıq işlərini özündə ehtiva edir.
Xalçalar, kiçik ölçülü maqnitli suvenirlər, misgərlik məmulatları xatirə üçün çox böyük əhəmiyyətə malikdir. Bilirsiniz ki, milli ornamentlər də Azərbaycanın yaddaşlarda qalması üçün önəm daşıyır. Məsələn; buta ornamenti deyiləndə Azərbaycan yada düşür. Buta ornamenti olan kələğayılar da turistlər üçün əvəzedilməz hədiyyə hesab edilə bilər.
Eyni zamanda milli ornamentlərin əks olunduğu boşqablar, vazalar, heykəllər, armudu stəkan, nəlbəki, taxta üzərində neftlə çəkilmiş fotolar da yaddaş üçün önəm daşıyır. Yəni hərhansı bir turist bu hədiyyələrdən alıb ölkəsinə apardığı zaman “Azərbaycandan gəlmişəm” deyə bilər. Və bu hədiyyələrlə uzun müddət Azərbaycanı xatırlaya bilər.
Daha müasir Azərbaycanı Alov Qüllələri (Flame Towers), Qız Qalası, Bakı Bulvarının miniatürləri, maqnitləri və ya qolbağ aksesuarları ilə yaddaşlarda saxlamaq olar.
Belə kiçik hədiyyələr təkcə Atəşgah məbədinin ərazisində deyil, Bakıda nümayişə açıq olan tarixi abidələrin çoxunun yaxınlığında satılır. Bu, tanıtım üçün çox önəmlidir. Ölkəyə gələn, ziyarət edən turist ölkədən gedərkən ziyarətini bir müddət sonra unuda bilər, amma hərhansı bir milli hədiyyə ona Azərbaycanı yenidən xatırlada bilər. Amma hədiyyələr də zövqlə hazırlanmalıdır ki, ölkə haqqında yaxşı təəssürat yarada bilsin. Əl işi olan əşyalar da bu istiqamətdə çox önəmlidir.
İradə Cəlil, Bizimyol.info






