Son günlərdə beynəlxalq kibertəhlükəsizlik mənbələrində yayılan məlumatlara əsasən "Red Wolf" adlı haker-aktivist qruplaşmanın müxtəlif ölkələrlə yanaşı Azərbaycanı da hədəfə aldığı barədə iddialar yer alır. Kibertəhlükəsizlik portalı – “TechOwlShield”-in dərc etdiyi hesabatda haktivist (hakerlik kimi kompüter əsaslı üsullardan istifadə etməklə siyasi gündəmi və ya sosial dəyişikliyi təşviq edənlər) qruplaşmanın 2025-ci ildə genişlənən DDoS-hücum kampaniyalarında Azərbaycanı da hədəf ölkələr sırasında göstərdiyi bildirilib.
Qeyd edək ki, “Red Wolf Cyber Team” – siyasi motivli kiberhərəkat aparan haktivist qrupun əsas məqsədi beynəlxalq və regional siyasi mesajlar yaymaq, müəyyən dövlət və təşkilatların onlayn xidmətlərini dayandırmaq və öz ideoloji tərəfdarlarını müdafiə etdiklərini vurğulamaqdır.
Milli Məclisin deputatı Hikmət Babaoğlu Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, informasiya təhlükəsizliyi milli təhlükəsizliyimizin əsas komponentlərindən biridir və sevindirici haldır ki, informasiya təhlükəsizliyimizin qorunması üçün son dövrlərdə ən müxtəlif platformalarda fərqli müdafiə sipərləri yaradılır: “Azərbaycana qarşı edilən hər hansı kiber hücum və yaxud manipulyativ vasitələrlə müxtəlif internet resurslarından edilən hücumlar, videoçarxlar vasitəsilə cəmiyyətimizə ötürülən və təhlükəsizliyimizi təmin edən subliminal mesajlar təsbit edilir və ictimaiyyət bununla bağlı məlumatlandırılır”.
Hikmət BabaoğluHikmət Babaoğlu qeyd edib ki, informasiya təhlükəsizliyi əsas vətəndaşın cəmiyyətin, ictimai şüurun maarifləndirilməsindən başlayır.
Bu səbəbdən də, bütün hallarda belə məlumatların yayılması zəruridir ki, vətəndaşlar özlərini hazır hiss etsinlər və onların istehlak etdiyi informasiyanın nəticə etibarilə ictimai təhlükəsizliyimiz üçün nə qədər əhəmiyyətli olduğunu dərk etsinlər”.
Azərbaycana qarşı son dövrlərdə artan hücumların artmasına gəldikdə, deputat bildirib ki, həyatda da, elə beynəlxalq münasibətlər sistemində də güclülər hədəfə alınırlar: “Mənə elə gəlir ki, bizə qarşı hücumların artması beynəlxalq münasibətlər sistemində Azərbaycanın nüfuzunun yüksəlməsi, rolunun artması və beləliklə, öz mənafeyini müdafiə edərkən bunun başqalarını narahat etməsindən irəli gəlir. Ona görə də biz bu hücumlara hazır olmalıyıq. Yeni iqtisadi və kommunikasiya reallıqları yaradılıb. Azərbaycan sadəcə regional aktor kimi qiymətləndirilmir, çünki qlobal aktor səviyyəsinə qalxmağa başlayıb”.
Hikmət Babaoğlunun fikrincə bu günlərdə Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının zirvə görüşündə də iştirak edən dövlətlərə və onların coğrafiyasına baxsaq, görəcəyik ki, Çin sərhədindən Ağ dənizə qədər, yəni Qırğızıstandan Kuzeksa qədər, Qazaxıstandan Avropanın mərkəzinə - Macarıstana qədər olan böyük bir coğrafiyadan söhbət gedir və Azərbaycan burada aparıcı dövlətlərdən biridir: “Əlbəttə ki, Azərbaycana qarşı müxtəlif hücumlar olacaq. Bu səbəbdən də Azərbaycan belə hücumlara hazır olmalıdır. Bu istiqamətdə də dövlətimiz tərəfindən mühüm addımlar atılır və ictimai rəy də bunun mahiyyətini dərk edərək buna adekvat cavab verir”.
İradə Cəlil, Bizimyol.info






