“Cənab Prezident İlham Əliyevlə Ermənistan Baş naziri Nikol Paşinyanın Abu-Dabidəki görüşü bir neçə amilə görə mühüm əhəmiyyət daşıyır. Birincisi, bu görüş heç bir vasitəçi olmadan keçirilməsinə görə əlamətdar və ilkdir. Bundan öncə Rusiyanın, Avropa üçlüsünün (Fransa, Almaniya, Aİ), ABŞ-ın vasitəçiliyi ilə keçirilən görüşlərin hər biri sülh prosesini bu və ya digər şəkildə irəli aparsa da, heç vaxt iki ölkə sülhə bu görüşdəki qədər yaxın olmamışdı”.
Bu barədə Bizimyol.info xəbər portalına danışan Sosial Tədqiqatlar Mərkəzinin (STM) baş məsləhətçisi Şəhla Cəlilzadə bildirib ki, vasitəçilərlə olan görüşlərin hər biri tam olaraq sülhə deyil, üçüncü tərəflərin maraqlarına xidmət edib: “Məsələn, Rusiyanın vasitəçiliyi açılacaq regional nəqliyyat və kommunikasiya dəhlizinə Rusiyanın nəzarətini və ya ABŞ-ın vasitəçiliyi ABŞ-ın nəzarətini təmin etməyə yönəlib. Aİ-nin və aparıcı Aİ dövlətlərinin vasitəçiliyi ilə keçirilən görüşlərdə əldə olunan nəticələrə baxdıqda Ermənistandakı Aİ Missiyası kimi faydasız, kəşfiyyat mahiyyətli bir qurumun yaradılmasına xidmət etdiyini görə bilərik. Halbuki, Azərbaycan Ermənistanı hər zaman ikitərəfli kontakta çağırırdı. Nəhayət ki, Ermənistan Azərbaycanın Vətən müharibəsindən indiyədək yaratdığı yeni regional geosiyasi reallıqları qəbul etdi”.
Şəhla CəlilzadəPolitoloq qeyd edib ki, vaxtilə Azərbaycan Qarabağ ermənilərinin nümayəndələrini görüşlərə dəvət edərkən onlar xarici güclərə, xüsusilə Rusiyaya arxalanmayıb konstruktiv mövqe sərgiləsəydilər, yəni Azərbaycanın 44 günlük müharibədə yaratdığı reallığı qəbul etsəydilər, bəlkə hələ də Qarabağda yaşayırdılar (reinteqrasiya təkliflərimizi qəbul etmədikləri üçün Yevlax görüşündən sonra planlaşdırılan Bərdə görüşü yerinə 1 günlük lokal antiterror tədbirləri baş tutdu).
“Ermənistan rəhbərliyi hazırda konstruktiv mövqe sərgiləyir. Sülh müqaviləsinin mətninin tam razılaşdırılmasından sonra baş tutan bu görüşdə dövlətlərarası münasibətlərin normallaşması, sərhədlərin delimitasiyası, Zəngəzur dəhlizinin açılması, sülh müqaviləsinin imzalanması və s. kimi məsələlərin liderlər səviyyəsində dialoqda dilə gətirilməsi bu istiqamətdə ali iradənin olduğunu sübut edir. Bu, həm də o deməkdir ki, Ermənistan Azərbaycanın əsas şərtlərindən biri olan Konstitusiyasına düzəliş etməyə də hazırdır, sadəcə bunun strateji zamanlaması məsələsi aktual qalır.
Üçüncüsü, bu görüş Ermənistanda yaşanan gərginliklər fonunda Paşinyanın hakimiyyətini qorumasına xidmət edəcək. Belə ki, sülh ritorikası ilə 2026-cı il seçkilərinə (tam 1 il sonra, iyul ayında keçiriləcək seçkilərə) gedən və seçkilərdən sonra referendum elanı verəcəyi gözlənilən Paşinyan məhz bu görüşdə qazandığı tarixi görüntüləri – cənab Prezident İlham Əliyevlə möhkəm əl sıxışmasını – öz gələcək qalibiyyətinin rəsmi kimi təqdim edə bilər. Bu, həm də Ermənistandakı revanşist qüvvələrə və onların havadarlarına bir mesajdır”-deyən Şəhla Cəlilzadə bildirib ki,
Azərbaycan və Ermənistan arasında normallaşmanı istəməyən qüvvələr bölgədə daima xaosun qalmasında maraqlı olan qüvvələrdir.
“Necə ki, 1999-cu il tarixi Sədərək görüşündən sonra Ermənistan Parlamentində terror baş vermiş, Rusiya meyilli qüvvələr, Xocalı terrorçuları hakimiyyəti ələ almışdı, eləcə də qarşıdakı dövrdə təxribatlar qaçınılmazdı. Azərbaycan Vətən müharibəsi ilə özünü daşnak təfəkkürlü ermənilərin terrorundan qurtarıb, indi isə növbə Ermənistana çatıb və cənab Prezidentin Paşinyanla müsbət tonda keçən görüşü Ermənistanın xilası planının bir hissəsi sayıla bilər”-deyə politoloq əlavə edib.
İradə Cəlil, Bizimyol.info






