Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Məhkəmə məhbus ailələrinə qarşı təhqiramiz fikirlərə görə "Tolik"ə qarşı şikayətə baxmaqdan imtina etdi
Məhkəmə məhbus ailələrinə qarşı təhqiramiz fikirlərə görə "Tolik"ə qarşı şikayətə baxmaqdan imtina etdi

“Tolik” kimi tanınan televiziya aparıcısı və prodüsser Tarix Əliyevin məhbus ailələri haqqında səsləndirdiyi təhqiramiz fikirlərə görə məhkəməsi keçirilib. Həyat yoldaşı həbsdə olan Arzu Abdullanın (Hacıyeva) şikayəti əsasında iyulun 10-da Nərimanov Rayon Məhkəməsində hazırlıq iclası baş tutub.

Bizimyol.info xəbər verir ki, hakim Kamal Babayevin sədrliyilə keçirilən məhkəmə prosesində şikayətçi tərəfin məhkəməyə təqdim etdiyi diskə baxış keçirilib. Həmin diskdə “Tolik”in sosial şəbəkələrdə yayılmış səs yazısı əks olunub.

Məhkəmə iclasında Tarix Əliyev özü iştirak etməyib. Vəkili isə bildirib ki, hüquqlarını müdafiə etdiyi şəxsə qarşı xüsusi ittiham qaydasında qaldırılmış iddia əsassızdır. Məhkəmə onu icraata götürüb baxmamalıdır, bunun üçün heç bir əsas yoxdur.

Şikayətçi Arzu Abdulla isə qeyd edib ki, Tarix Əliyev səsləndirdiyi fikirlərlə Azərbaycanda olan 30000-ə yaxın məhbusun ailələrini təhqir edib, buna görə qanun qarşısında cavab verməlidir: “Mən də məhkəməyə ona görə müraciət etmişəm”.

Şikayətçinin vəkili Zibeydə Sadıqova da iddianın əsaslı olduğunu bildirib, icraata götürülməsini xahiş edib.

Hakim Kamal Babayev isə “Tolik”ə qarşı iddianı icraata götürüb baxmaqdan imtina edib. Hakim bildirib ki, diskə baxış zamanı orada təhqir elementləri aşkarlanmayıb. Bu səbəbdən də T.Əliyevin Cinayət Məcəlləsinin 148-ci (təhqir) maddəsi ilə cəzalandırılması tələbi ilə xüsusi ittiham qaydasında qaldırılmış iddia ərizəsinin icraata götürülməsindən imtinaya dair qərardad çıxarılıb.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »