Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Həyatı minimum həddə yaşamaq... Azərbaycanda əhali gəlirlərin yalnız 2 faizini qənaət edə bilir
Həyatı minimum həddə yaşamaq... Azərbaycanda əhali gəlirlərin yalnız 2 faizini qənaət edə bilir

Azərbaycanda əhalinin gəlirləri çox aşağı səviyyədədir. Orta aylıq əməkhaqqı ümumi vəziyyəti tam əks etdirməsə də, düşünməyə yetərincə material verir. Əhalinin əmək qabiliyyətli hissəsinin yarıdan çoxunun aylıq qazancı heç 500 manata çatmır. Minimum əməkhaqqının səviyyəsi də göz qabağındadır.

Bizimyol.info xəbər verir ki, 2024-cü ildə Azərbaycanda əhalinin ümumi gəlirləri 83 milyard 93,4 milyon manat olub. İnsanlar bunun yalnız 2,4 faizini qənaət etməyi bacarıb. Yəni keçən il əhalinin ümumi xərcləri 81 milyard 90,2 milyon manat təşkil edib. Gəlirlərin 2 milyard 3,2 milyon manatını xərcləmədən toplamaq mümkün olub.

Çox rüsvayçı göstəricidir. İnsanlar hər 100 manatının cəmi 2 manatını gələcək üçün saxlaya bilir. Əvvəlki illərdə də fərqli mənzərə olmayıb. Məsələn, 2023-cü ildə bu göstərici 2,2, 2022-ci ildə isə 3,9 faiz imiş.

Həmişə örnək göstərdiyimiz Avropa yenə bu baxımdan fərqlənir. Avrozonada pandemiya və inflyasiyadan sonra ailələr qənaət meyillərini artırıb. 2022-ci ildə orta qənaət səviyyəsi 13-ü keçmirdi. İndi göstəricinin 16 faiz olduğunu qeyd etmək mümkündür.

Almaniya, Danimarka, Avstriya, İsveç, Çexiya, Fransa, Sloveniyada qənaət səviyyəsi 20 faizdən yuxarı və ya buna çox yaxındır. Baltikyanı ölkələrdə göstərici daha aşağı olsa da, Azərbaycandan yüksəkdir. “Tradingeconomics” hələ 2023-cü ildə Litvada ailələrin orta hesabla 6,82 faizlik qənaət göstəricisi ortaya qoyduğunu bildirir. Latviyada qənaət səviyyəsi 5,39 faiz olub. Estoniyada o vaxt göstəricinin 3,1 faiz olduğu qeyd edilib.

“Caucasus Barometer” Gürcüstana dair yaydığı statistikada ev təsərrüfatları ilə bağlı vəziyyət barədə geniş danışıb. Qonşu ölkədə durumun heç də pis olmadığı görünür. Əhali gəlirlərinin 8 faizinə qədəri qənaət etməyi bacarır.

Əksər statistik göstəricilər kimi, bu rəqəmlər də ölkədə əhalinin sosial durumunun yaxşı olmamasına işarə vurur. Məvaciblərin artmalı olduğunu təkcə biz demirik, artıq rəqəmlər də dil açıb.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »