Azərbaycanın Müstəqillik Günü 1918-ci il mayın 28-də İslam coğrafiyasında ilk demokratik respublikanın yaranması ilə qeyd olunan bir gündür. Bu günü sıradan bir gün kimi qəbul etmək olmaz. Çünki “Azadlıq olmayan yerdə istehsal olmaz” dediyi kimi, 1918-ci ildə Azərbaycan öz azadlığını və ya müstəqilliyini əldə etdikdən sonra istehsal prosesinin başladığını söyləmək olar.
Türkiyənin Atatürk Universiteti İqtisadiyyat və İdarəetmə fakültəsinin müəllimi, professor Kərəm Qarabulud Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, buradakı istehsalı təkcə əmtəə və xidmət istehsalı deyil, həm də siyasi, hərbi, ədəbi-mədəni istehsalın bütün növlərini əhatə edir.
Kərəm Qarabulud“Dövlət və güclü cəmiyyət olmağın birinci şərti müstəqil olmaqdır. Ona görə də Azərbaycan İslam coğrafiyasında demokratik respublika quran ilk ölkədir. Bu müstəqilliyin qarşısı 1920-ci ildə alınsa da, “Bir kərə yüksələn bayraq enməz” fəlsəfəsi xalqın qəlbində, şüurunda həmişə yaşayıb. Buna uyğun olaraq bu gün 1990-cı ildən dövlət bayramı kimi qeyd olunmağa başlandı. SSRİ dönəmi başa çatdıqdan sonra 1918-ci ildə cəmiyyət daxilində alovlanan istiqlal atəşi yenidən alovlandı və bu gün əbədi müstəqil və qüdrətli Azərbaycan dünyada öz yerini tutdu. 2021-ci ildən əvvəl Respublika Günü kimi qeyd olunan bu gün Qarabağ Qələbəsinin təsiri ilə indi Müstəqillik Günü kimi qeyd olunur. Belə azad və güclü Azərbaycanın formalaşmasında ilk prezident Əbülfəz Elçibəyin, ulu öndər Heydər Əliyevin və cənab İlham Əliyevin təsirini unutmaq olmaz. Onların həyata keçirdikləri səmərəli balans siyasəti sayəsində Azərbaycan güclü dövlətə çevrildi”-deyə Kərəm Qarabulud bildirib.
Kərəm Qarabulud vurğulayıb ki, bu gün Azərbaycan dünyanın eyni ölçülü bir çox ölkələrindən daha effektiv və daha inkişaf etmiş ölkədir.
“Bu günlərə çatmağı mümkün edən bütün Azərbaycan rəhbərlərini, xalqını təbrik etmək lazımdır. Digər tərəfdən Azərbaycanın müstəqil və güclü dövlət olması Türkiyənin həm bölgədə, həm də dünyada gücünü və nüfuzunu artırır. “İki dövlət, bir millət” olmağın üstünlüyü tarixdən hər iki ölkəyə güc verən bir anlayışdır. Bu anlaşmanın gələcəkdə də davam edəcəyi Şuşa Bəyannaməsi ilə təmin edilmişdir. Bu münasibətlə Azərbaycanımızın müstəqillik gününü təbrik edir, müstəqilliyinin əbədi olmasını arzulayıram. Türkiyə ilə Azərbaycan arasında qardaşlıq və dostluq davam etdikcə, hər ikisinin müstəqilliyi və güclü siyasəti davam edəcək”-deyə professor qeyd edib.
İradə Cəlil, Bizimyol.info






