Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyəti (AÜDCC) 16-18 may 2025-ci il tarixlərdə Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Bakı Ürək Günləri” 9-cu Beynəlxalq Konqresini təşkil edib.
Tədbirin rəsmi media tərəfdaşı Bizimyol.info xəbər verir ki, Konqresin keçirilməsində əsas məqsəd Azərbaycanda kardiologiyanın və ürək-damar cərrahiyyəsinin inkişafına töhfə vermək, əcnəbi mütəxəssislərlə birgə fikir mübadiləsi aparmaq və tibb elminin bu sahədəki son yeniliklərini müzakirə etməkdir.
3 gün davam edəcək tədbirdə 400-ə yaxın yerli və əcnəbi kardioloq və kardiocərrah iştirak edəcək. Konqresdə ürək-damar xəstəlikləri və onların müalicəsindəki ən aktual məsələlər müzakirə olunacaq.
Konqresin ikinci günü - 17 may tarixində Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin sədri, tanınmış kardiocərrah Kamran Musayev fəxri sədr qismində çıxış edib.
“Son 20-25 ildə Azərbaycan səhiyyəsindəki inkişafı görməmək mümkün deyil. Konqresdə fəxri sədr kimi iştirak edirəm. Yəqin ki, artıq yaşlanıram. Mən inanıram ki, gənclər bu ənənəni davam etdirəcəklər. Məhz, bu sahəyə göstərilən diqqət və qayğının nəticəsində səhiyyəmiz sürətlə inkişaf edir.
Konqresdə iştirak üçün xaricdən gələn qonaqlarımıza da təşəkkür edirəm. Hər il Amerika, Çin və dünyanın müxtəlif ölkələrindən mütəxəssislər bizimlə birgə tədbirdə iştirak edib. Dünya ölkələri ilə əlaqədə olmaq hər bir sahə üçün lazımlı və vacibdir”,-deyə Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin sədri, kardiocərrah Kamran Musayev qeyd edib.
Leyla Mirzə, Bizimyol.info






