İranın cənub-qərbində yerləşən Xuzistan əyalətində baş verən qum fırtınası nəticəsində 802 nəfərin xəstəxanalara müraciət etdiyi bildirilib.
Bizimyol.info xəbər verir ki, İranın rəsmi xəbər agentliyi IRNA-nın verdiyi məlumata görə, Ahvaz Cundi Şapur Tibb Elmləri Universitetinin vitse-prezidenti Dr. Meysəm Muazi bu barədə açıqlama verib.
Muazi, Xuzistanı təsir altına alan qum fırtınası səbəbindən son 24 saat ərzində ürək və tənəffüs problemləri yaşayan 802 nəfərin xəstəxanalara müraciət etdiyini bildirib: “Bu şəxslərdən 92-si xəstəxanaya yerləşdirilib, qalanları isə müalicə olunduqdan sonra evə buraxılıb”, - deyə qeyd edib.
Bölgə əhalisinə xəbərdarlıq edən Muazi, xüsusilə uşaqlar, hamilə qadınlar, yaşlılar və tənəffüs problemləri olan şəxslərin mümkün qədər evdə qalmalarını məsləhət bilib.
Xuzistan Meteorologiya İdarəsi, qum fırtınasının İraq mənşəli olduğunu açıqlayaraq, cümə və şənbə günü hava şəraitinin xalq sağlamlığı üçün təhlükəli olduğunu bildirərək “qırmızı xəbərdarlıq” verib.
Cümə günü Ahvazda havadakı toz miqdarı 2.159 mikroqram/m3 olaraq ölçülüb.
Hava keyfiyyəti indeksində bir kub metr hava içindəki hissəcik maddələrə (PM10) əsasən dəyərlər belə sıralanır:
0-50 arası "təmiz hava" (yaşıl), 51-100 "orta" (sarı), 101-150 "həssas" (narıncı), 151-200 "zəhərli" (qırmızı), 201-300 "pis" (bənövşəyi), 301-500 "təhlükəli" (qəhvəyi) kimi təsnif edilir.
Qadir, Bizimyol.info






