Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"İslamda birdən çox ad verməklə bağlı qadağa yoxdur, mənalı olması önəmlidir"
"İslamda birdən çox ad verməklə bağlı qadağa yoxdur, mənalı olması önəmlidir"

Çox zaman xüsusilə cənub bölgəsində, Bakı kəndlərində valideynlər uşaqlarına bir neçə ad qoyurlar. Məsələn; Əlibaba, Hüseyinəli, AğaHüseyn, Məşədixanım və s.

İslam dinində uşağa çox ad qoymaqla bağlı hansısa fikir varmı?

İlahiyyatçı Əkrəm Həsənov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, İslamda uşağa bir ad yox, bir neçə ad qoymaq qadağan olunmayıb. Əksinə, Peyğəmbərimiz (s.ə.s) özü bəzi səhabələrə birdən çox ad vermişdir.

“Məsələn; Peyğəmbərimizin (s.ə.s) öz adlarından bəziləri: Məhəmməd, Əhməd, Mustafa, Taha. Əbu Bəkrin əsl adı: Abdullah ibn Osman. Əbu Hüreyrənin əsl adı: Abdurrahman ibn Sahr. Əli ibn Əbu Talibin ləqəbləri: Əbu Turab, Murtəza, Həyidər”-deyən ilahiyyatçı qeyd edib ki, bu nümunələr bir insana birdən çox ad qoymağın İslamda qadağan olmadığını göstərir.

“Quranda çox ad qoymaqla bağlı konkret bir qadağa yoxdur. Əsas vurğulanan məqam odur ki, qoyulan ad gözəl və mənalı olmalıdır.

“Onları (övladlarınızı) çağırarkən atalarının adlarını (nisbətlərini) istifadə edin. Bu, Allah dərgahında daha ədalətli olar.” (Əhzab, 33:5)

Peyğəmbərimiz (s.ə.s) buyurub: “Siz qiyamət günü adlarınız və atalarınızın adları ilə çağırılacaqsınız. Odur ki, övladlarınıza gözəl adlar qoyun.” (Əbu Davud, Ədəb, 61; İbn Hibban, 12:401)

Hədisdən də göründüyü kimi, adların gözəl olması əsas şərtdir. İslam alimləri bildirirlər ki, çox ad qoymaq olar, amma bu seçim çaşqınlıq yaratmamalıdır. Məsələn; İbn Qeyyum deyir: “Ad insanın şəxsiyyətini formalaşdırır. Odur ki, bir neçə gözəl ad qoymaq icazəlidir.”

İmam Nəvəvi, “Əsas məsələ adın mənasının İslama uyğun olmasıdır. Adın sayı yox, mənası vacibdir” deyir”-deyə Əkrəm Həsənov bildirib.

İlahiyyatçı deyir ki, bəzi ölkələrdə qanunvericilik iki və ya üç adın rəsmi qeydiyyatına icazə verir: “Azərbaycan qanunlarına görə, uşağa iki ad qoymaq mümkündür, amma çox uzun adlar qəbul olunmur. Hüquqi sənədlərdə birdən çox ad yazdırmaq mümkündür, amma bu seçim gündəlik həyatda çətinlik yarada bilər. İki-üç adın olması uşağın kimliyinə təsir edə bilər. Bir ad rəsmi, digəri məişət adı kimi istifadə edilə bilər. Məsələn, rəsmi adı “Əli Məmmədov” olan şəxsə sadəcə “Əli” deyə bilərik. Uzun adlar bəzən uşağa çətinlik yarada bilər, çünki dostları və ətrafındakılar fərqli adlarla müraciət edə bilərlər.

İslamda iki və ya üç ad qoymaq qadağan deyil. Əsas məsələ adların gözəl olmasıdır. İnsan yaxşı və mənalı adlarla çağırılmalıdır. Çox adın olması problem deyil, amma gərəksiz qarışıqlıq yaratmamalıdır. Əksər ölkələrdə iki və ya üç ad qeydiyyata salına bilər. Uzun və çox adlar insanın kimliyinə təsir edə bilər, bəzən çətinlik yarada bilər”.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »