Adlarımız taleyimizə, həyat yolumuza təsir edir. Hər birimiz daşıdığımız adın ağırlığını yaşayırıq. Məsələn; "İradə" adı “dözümlü”, “hər çətinliyə sinə gərən” mənasını daşıyır. Bu ad qoyulan şəxslər həyatı boyu mübarizə aparmağa məcburdur. Odur ki, uşaqlarınıza ad seçərkən dost-tanışın adı və ya təbiət hadisələri, Allahın adları və dini adlar və s. deyil, mənasını bildiyiniz adları seçin. Əks halda, verilən adlar dəyişdirilməyə məhkumdur...
İlahiyyatçı Əkrəm Həsənov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Quran-i Kərimdə ad dəyişdirmək qadağan edilən və ya cəza nəzərdə tutulan bir məsələ kimi qeyd olunmur, lakin Quranda nəsil və mənsubiyyət məsələsinə toxunulur: “Onları (övladlığa götürdüyünüz şəxsləri) atalarının adı ilə çağırın. Bu, Allah yanında daha doğrudur. Əgər atalarının kim olduğunu bilmirsinizsə, onlar sizin din qardaşlarınızdır və dostlarınızdır...” (Əhzab, 33:5)
“Bu ayədən aydın olur ki, mənsubiyyəti saxtalaşdırmaq, bir insanı atasından qeyri bir şəxsin oğlu kimi təqdim etmək qadağandır. Lakin şəxsin öz adına düzəliş etməsi və ya dəyişməsi ilə bağlı birbaşa qadağa yoxdur. Peyğəmbərimiz (s.ə.s) bəzi insanlara uyğun olmayan və mənfi mənalar daşıyan adları dəyişdirmişdir. Məsələn; Əbu Davud və Tirmizi nəql edir ki, Rəsulullah (s.ə.s) bir kişinin adını dəyişmişdir, çünki adı mənfi məna daşıyırdı. Buxari və Müslim rəvayət edir ki, Peyğəmbər (s.ə.s) “Asiya” (üsyankar) adını “Cəmilə” (gözəl) olaraq dəyişmişdir. İbn Ömər (r.a) nəql edir ki, Peyğəmbər (s.ə.s) “Əbdül-Ka’bə” (Kəbənin qulu) adını “Əbdüllah” etmişdir, çünki bir insanın yalnız Allaha qul olması lazımdır. Ayə və hədislərdən göründüyü kimi, peyğəmbər (s.ə.s) dini baxımdan yanlış və ya pis məna verən adları dəyişməyi təşviq edib, lakin hər hansı bir adın sadəcə ağırlığına görə dəyişdirilməsinə qadağa qoymayıb”-deyə ilahiyyatçı qeyd edib.
Əkrəm Həsənov bildirib ki, İslam alimlərinin əksəriyyəti ad dəyişməyin icazəli olduğunu bildirir, lakin iki şərt irəli sürürlər:
1. Ad mənfi mənalı olmamalıdır. Məsələn; “Zalim”, “Şeytan”, “Fir’on” kimi adlar.
2. Ata-baba mənsubiyyəti gizlədilməməlidir. Yəni soyad dəyişmək yalandan kiməsə aid olmaq mənasında olmamalıdır. Dünyəvi baxımdan məsələyə yanaşsaq insanın adını dəyişdirməsi onun şəxsi seçimidir.
Psixoloqlar bildirirlər ki, bəzən insanlar müəyyən adlarla özlərini narahat hiss edirlər və bu da onların şəxsiyyətinə təsir edir.
Hüquqşünaslar deyirlər ki, ad və soyad dəyişmək bir insanın hüququdur və bu, dövlət qanunları çərçivəsində həyata keçirilir.
Dindən kənar baxış bucağı ilə baxsaq, ad sadəcə bir kimlik simvoludur və onu dəyişmək üçün heç bir dini və ya mənəvi məhdudiyyət yoxdur.
Bir sözlə, dini cəhətdən məsələyə baxdıqda əgər adın mənfi mənası varsa və ya İslama uyğun olmayan mənalar daşıyırsa, dəyişdirilməsi məsləhətdir. Quranda ad qoymaqla bağlı qadağa yoxdur, lakin soy-kök saxtalaşdırılması qadağandır. Hədislərə əsasən, peyğəmbərimiz (s.ə.s) bəzi adları dəyişdirmiş, lakin bunu məcburi etməmişdir.
Dünyəvi baxımdan insanın adını dəyişməsi onun şəxsi hüququdur və bu, cəmiyyətə uyğun olaraq həyata keçirilir. Əgər bir insan öz adının ağırlığını hiss edirsə və bu, psixoloji narahatlıq yaradırsa, dini baxımdan günah olmadığı üçün rahatlıqla adını dəyişə bilər. Əsas məsələ, yeni adın İslama uyğun və mənəvi dəyərə sahib olmasıdır.
İradə Cəlil, Bizimyol.info






