Xaricdə alınmış diplomların tanınması üzrə məhkəmə təcrübəsi haqqında Ali Məhkəməyə çoxsaylı sorğular daxil olur.
Bizimyol.info xəbər verir ki, Ali Məhkəmənin İnzibati kollegiyası bakalavr diplomunun tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi ilə bağlı qərar çıxarıb. Mövzunun aktuallığını nəzərə alaraq, vahid məhkəmə təcrübəsini müəyyən edən həmin qərarı təqdim edirik.
Ali Məhkəmənin rəsmi saytında dərc olunan məlumata əsasən, şəxsə (iddiaçı) qiyabi təhsil üzrə Moskva Politexnik Universiteti tərəfindən bakalavr diplomu verilib. Həmin diplom Rusiyanın səlahiyyətli qurumu tərəfindən apostil olunub.
İddiaçı Azərbaycanda diplomun tanınması barədə tələblə cavabdeh orqana müraciət edib. Lakin cavabdeh ali təhsil ixtisasının ölkə ərazisində tanınmasından imtina edilib. İmtinaya əsas kimi onu göstərib ki, tədris normativi üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında iddiaçı həmin ölkədə qısa müddət ərzində olub, həmin müddət isə tədris proqramının mənimsənilməsi üçün kifayət hesab olunmur.
Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edib, diplomun tanınması və ekvivalentlik haqqında şəhadətnamə verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş edib. Lakin birinci instansiya məhkəməsi iddianı təmin etməyib, apellyasiya məhkəməsi də bu qərarı qüvvədə saxlayıb. Bundan sonra iddiaçı Ali Məhkəməyə müraciət edib.
Ali Məhkəmə qərarında aşağıdakıları qeyd edib:
1. Qiyabi formada xaricdə alınmış bakalavriat təhsilinin Azərbaycanın müvafiq təhsil sahəsində dövlət standartlarına uyğunluğu müəyyən olunmalıdır. Qeyd edilən standartlar həm də tədrisin yükünə və yerinə yetirilməsi qaydasına dair tələbləri də özündə ehtiva edir. Təhsil alınan ölkədə faktiki olunan müddətləri hər bir halın fərdi xüsusiyyətləri də göz önündə tutulmaqla sözügedən tədris yükünün və yerinə yetirilməsi qaydasının qiymətləndirilməsi baxımından nəzərə alına bilər.
2. Ekvivalentlik haqqında Şəhadətnamənin verilməsi ilə bağlı mübahisələrə baxılarkən qiymətləndirilməli ilk məsələ alınmış təhsilin forması ilə bağlı məsələdir. Nəzərə almaq lazımdır ki, təhsilin forması olaraq qiyabi və distant fərqli təhsil formalarıdırlar. Ona görə də, iddiaçının halına münasibətdə qiyabi təhsil formasına dair tələblər tətbiq olunmalı, bunun üzərindən hüquqi dəyərləndirmələr aparılmalıdır.
3. Azərbaycanda təhsilin müvafiq strukturlarına qoyulan tələblərə uyğunluğun müəyyən olunması baxımından isə nəzərə alınmalıdır ki, ölkəmizdə bakalavriat təhsilinin qiyabi formada həyata keçirilməsinə münasibətdə hər il müəyyən tədris yükünü yerinə yetirmək, eləcə də müəyyən müddətlərdə tədrisə faktiki cəlb olunmaqla auditoriya dərslərində iştirak tələb olunur. Belə olan halda, xaricdə alınmış qiyabi formada bakalavriat təhsili üzrə ixtisasın ölkəmizdə tanınması və ekvivalentliyinin müəyyən edilməsi məhz Azərbaycanda bakalavriat təhsilinin qiyabi formasına münasibətdə əsas standartlara uyğunluğun müəyyən olunmasından asılıdır.
4. Xaricdə təhsil alınarkən distant təhsil texnologiyalarından istifadə oluna bilər və təhsilin alındığı ölkədə bu, yolverilən hesab edilə bilər. Lakin burada həlledici olan qeyd edilən qaydada xaricə alınmış qiyabi bakalavriat təhsilinin Azərbaycanda bakalavriat təhsilinin qiyabi formasına münasibətdə əsas standartlara uyğun olub-olmadığı ilə bağlı məsələdir. Başqa sözlə, Azərbaycanın qanunvericiliyi tədris ili ərzində tələbənin müəyyən müddətlərdə tədrisə faktiki cəlb olunmaqla auditoriya dərslərində iştirakını qiyabi formada bakalavriat təhsilinin həyata keçirilməsinin əsas prinsiplərindən biri və müvafiq olaraq Azərbaycanda təhsilin bu formasına qoyulan tələb kimi müəyyən edib. İddiaçının halında sözügedən tələbə riayət olunmayıb.
Bundan başqa, qeyd edilən tələbə iddiaçının iradəsi ilə bağlı olmayan obyektiv hallara görə riayət edilməsinin mümkün olmadığına dair iddiaçı tərəfindən hər hansı sübutlar da təqdim olunmayıb.
Qeyd edilənlərə əsasən, iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməyib, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılıb.
Aytən, Bizimyol.info






