Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bəli, 21-ci əsrdə... Tovuzun kəndində məktəbdə şagirdlər "sobanın tüstüsü"ndən kütləvi zəhərlənib
Bəli, 21-ci əsrdə... Tovuzun kəndində məktəbdə şagirdlər "sobanın tüstüsü"ndən kütləvi zəhərlənib

Tovuzun Aşağı Quşçu kəndində şagirdlərin kütləvi zəhərlənməsi qeydə alınıb. Kənddəki 1 nömrəli məktəbdə soba tüstüsü xoşagəlməz hadisəyə səbəb olub. Əvvəlcə 55 nəfərin zəhərləndiyi bildirilsə də, say 70-ə yaxınlaşır. Prokurorluğun açıqlamasında 62 nəfərin xəstəxanaya çatdırıldığı bildirilir.

Bizimyol.info xəbər verir ki, Baş Prokurorluğun mətbuat xidməti Tovuz rayon Aşağı Quşçu kənd 1 nömrəli tam orta ümumtəhsil məktəbinin 2 sinfində pelet sobasının tıxanması səbəbindən tüstülünmə nəticəsində 62 nəfərin xəstəxanaya yerləşdirilməsi faktı üzrə Tovuz rayon prokurorluğunda araşdırma aparıldığını açıqlayıb. Xəstəxanaya müraciət edən şəxslərə ilkin tibbi yardım göstərildiyi bildirilir. Sonra onların ambulator müalicəyə buraxıldığı, səhhətlərinin normal olduğu qeyd edilib.

Qazax-Tovuz Regional Təhsil İdarəsinin açıqlamasında deyilir: “Tovuz rayon Aşağı Quşçu kənd 1 nömrəli tam orta ümumtəhsil məktəbinin 2 sinfində pelet sobasının tıxanması tüstülünməyə səbəb olub. Məktəbdə əvvəlcədən yanğın təhlükəsizliyi ilə bağlı görülmüş tədbirlər sayəsində hadisənin yayılmasının qarşısı alınıb, şagirdlər və müəllimlər təxliyyə planına uyğun olaraq təhlükəsiz yerə təxliyyə ediliblər. Tovuz rayonu üzrə təhsil sektorunun əməkdaşları hadisə yerindədir. Tüstülənmə nəticəsində 20-yə yaxın şagird özünü pis hiss edib və təcili-tibbi yardıma müraciət edilib. Onların səhhəti diqqət mərkəzində saxlanılır”.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) əvvəlcə Tovuz Rayon Mərkəzi Xəstəxanasına 55 nəfərin gətirildiyini açıqlamışdı. Sonradan say artıb.

Məlumata görə, kənd məktəbində sinif otaqlarını qızdırmaq problemə çevrilib. Bunun üçün daha çox ağac qırıntılarından, yonqardan istifadə olunur. Kənd sakinləri məktəb binasının yararsız olmasını xüsusi qeyd edir. Sosial platformalarda məktəbin məzunları yazır ki, orada istilik məsələsi həmişə ciddi problem olub. Yəni məsələ uzun illərdir həllini tapmır.

Bütün bunlara təəssüflənmək də azdır. Texnologiyanın, elmin belə sürətlə inkişaf etdiyi əsrdə Azərbaycanda sinif otaqları yonqarla qızdırılır. Nəticədə bu cür arzuolunmaz hadisələr yaşanır. Sonra gileylənirik ki, insanlar kənddə qalmaq istəmir. Kənd sakinləri də təhsilin vacibliyini yaxşı anlayır. Bu şərtlərlə kəndlərdə uşaq böyütmək, ona yaxşı təhsil vermək mümkünsüz görünür.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »