Yəqin ki, son zamanlar məşhur olan TikTok canlı yayımlarına diqqət edirsiniz. Aqressiv insanlar, qışqıranlar-bağıranlar, hədiyyə tələb edənlər, soyunanlar, söyənlər və s… Bütün bu xaotik "mənzərə" həqiqətən insanı yora bilir. Bir neçə gündür ki, TikTok sosial şəbəkə pltaformasında canlı yayımlar açır və ətrafıma sahəmə uyğun insnaları toplamağa çalışıram. Təəssüf olsun ki, sözün əsl mənasında harada “anasından küsən, atasından acıq edən, ailəsindən bixəbər” olan varsa, bu platformaya doluşub. Təsəvvür edin ki, ciddi söhbət etdiyin yerdə sənin söhbətinə aid olmayan biri özünü ortaya atıb, öz ailəsinə ünvanlamalı olduğu və öz əxlaq(sızlığı)na layiq bir ifadə işlədir. Və sən ona layiq ifadəni istifadə edib qarşılıq verə bilmirsən, çünki bu da sənin əxlaqına ziddir. Nəticədə, hansısa şərəf məhdudiyyətli tərbiyəsizə görə əsəblərin pozulur...
Psixoloq Rafiq Allahverdiyev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, canlı yayımlarda iştirak etmək və canlı yayımlara qoşulmaq insanın psixikasına xroniki yorğunluq əmələ gətirir.
Psixoloq Rafiq Allahverdiyev“Hər bir insanın tutaq ki, sizin, öz dünya görüşü intellekti və məqsədi var. Sizin dünya görüşünüzlə intellektiniz qoşulduğunuz canlı yayımlardakı insanların gözləntiləri ilə uyğun gəlmir. Siz orada fikrinizi mədəni, ədəbi ifadə etmək istəyirsiniz və yaxud orada məntiqli bir müzakirə aparmaq istəyirsiniz. Amma baxırsınız ki, bu insanların istəyi bu deyil. Ora canlı yayıma qoşulanlar 40 əqidədə, 40 tərbiyədən niyyətli olan və hətta əqli imkanlarında məhdudiyyətlər olan insanlardır. Ona görə də canlı yayımlardakı o cür şəxslər insanı çox yorur”-deyən psixoloq qeyd edib ki, canlı yayımlara qoşulanda siz qoşulduğunuz konkret bir niyyət, konkret mövzu və konkret bir vaxt ayırmalısınız. O vaxt çərçivəsində fikirlərinizi bildirdiniz, çıxdınız…
“İnsanların rəylərinə fikir vermək lazım deyil. Qəti lazım deyil. Çünki orda müxtəlif məqsədli rəylər olur ki, sizi yoran elə o cür şəxslərin rəyləridir”-deyə psixoloq əlavə edib.
P.S. Həqiqətən də normal ailə tərbiyəsi almamış və yaxud dağınıq ailəsi olan, əzilmiş, cahil və əxlaqdan yoxsul insanlar hər zaman çalışıblar ki, özlərindən üstün olanları əzsinlər, aşağılasınlar. Bu da onların daxilində olan əzilmişlik və aşağılıq hissindən irəli gəlir. Normal psixologiyaya malik olan insanlar normal söhbət etməyi bacaran insanlardır.
İradə Cəlil, Bizimyol.info






