Prezident Ersin Tatar türk dövlətlərini Kipr türk xalqını mühasirəyə almağa və görünməz hala gətirməyə yönəlmiş təzyiqlərə boyun əyməməyə çağırıb.
Bizimyol.info xəbər verir ki, BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində Nyu Yorkda səfərdə olan prezident Ersin Tatar Türk Dövlətləri Təşkilatının (TDT) baş katibi, səfir Kubaniçbek Ömuraliyev ilə görüşüb.
Rəyasət Heyətindən verilən məlumata görə, Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC) Nyu-York Nümayəndəliyindəki görüşdə prezident Tatar, rəsmi nümayəndə heyəti ilə birlikdə Birləşmiş Millətlər Təşkilatının 79-cu Baş Assambleyası üçün Nyu Yorka gəldiyini və "Kipr türk xalqının varlığını göstərmək" məqsədilə müxtəlif təmaslar qurduğunu bildirib.
Tatar: “Prezident Ərdoğan Kipr Türk xalqının ədalətsiz təcridinə son qoyulması üçün dünyaya yeni bir çağırış etdi və Şərqi Aralıq dənizindəki qanuni hüquq və maraqlarımızı diqqətə çatdırdı. Dövlətimizin rəsmi qəbul olunmasına, tanınmasına ehtiyac var. Türkiyə Kipr adasından cəmi 40 mil uzaqlıqda olan zamin ölkədir və Şərqi Aralıq dənizinin ən uzun sahil xəttinə malikdir. Ona görə də Türkiyənin fikirləri önəmlidir. Kiprdə iki ayrı dövlət və iki ayrı xalq var. Kipr probleminin həllini Türkiyəsiz qəbul etmək mümkün deyil.
“Bizim daim vurğuladığımız kimi, Kipr probleminin ədalətli, realist və davamlı həlli olacaqsa, o, iki dövlətə əsaslanmalıdır”, - deyə Prezident Tatar belə davam edib: “ŞKTC dövlətinin sərhədləri var, öz Prezidenti, Parlamenti və Məhkəməsi olan suveren və demokratik bir dövlətdir. Dövlətimizin öz polisi, təhlükəsizlik qüvvələri, qurumları, dövlət orqanları var. Kipr türkləri ayrı dili, mədəniyyəti və dini olan bir xalqdır. Bizim dövlətimiz var və bu faktdır. Bu səbəbdən beynəlxalq ictimaiyyəti və TDT-ni Kipr türk xalqına kömək etməyə, xalqımıza qarşı ədalətsizliyə son qoymağa və dövlətimizin tanınmasına dəstək verməyə çağırırıq. Bildiyiniz kimi, 2022-ci ildə Özbəkistanda keçirilən sammitdə ŞKTC yekdilliklə TDT-nin müşahidəçi üzvü kimi qəbul edilib. Bir daha prezident Ərdoğana bu məsələdə göstərdiyi gərgin səylərə və konstitusiya adımızla müşahidəçi üzvlüyünü təsdiq edən bütün türk dövlətlərinə təşəkkür edirəm”, - deyib.
Tatar qeyd edib ki, ŞKTC TDT və üzv dövlətlərlə müxtəlif sahələrdə əlaqələrini inkişaf etdirməyə davam edir: “Türk qardaşlarımızı Kipr türk xalqını əhatəyə almağa və onları görünməz hala gətirməyə yönəlmiş təzyiqlərə boyun əyməməyə çağırıram. Nə yaxşı ki, Türkiyə kimi güclü bir ölkə bizi dəstəkləyir və bilirik ki, türk dövlətlərinin qəlbləri bizimlədir. Biz eyni türk millətinin övladlarıyıq və ortaq tarixə, mədəniyyətə sahibik. Prezident İlham Əliyev Azərbaycana son səfərim zamanı Türk Dövlətlərinin birliyinə və bu birliyin müxtəlif sahələrdə yaradacağı gücə güclü inamını vurğuladı və TDT-də ŞKTC-nin əhəmiyyətini vurğuladı”, - deyə bildirib.
Səfir Kubaniçev Ömurəliyev də görüşə görə Prezident Tatara təşəkkürünü bildirib və onunla dəfələrlə, ən son isə Azərbaycanın Şuşa şəhərində görüşdüyünü deyib. ŞKTC-nin müşahidəçi üzvlüyünün 1 il 10 ay əvvəl baş verdiyini bildirən Ömurəliyev “ŞKTC təşkilatda təmsil olunur. Biz eyni tarixi, dili və ənənələri paylaşırıq. Biz bu dəstəyi davam etdirəcəyik”, - deyib.
İclasda xarici işlər naziri Tahsin Ərtoğruloğlu, ŞKTC Nyu-York nümayəndəsi Mehmet Dana, prezidentin xüsusi nümayəndəsi Günəş Onar, hüquq məsələləri üzrə müşaviri Sülen Karabacak və Güvən yaratma tədbirləri və texniki komitələr koordinatoru Seniha Birand Çınar da iştirak edib.
Qadir, Bizimyol.info






