Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanda avtomobillərin sayı 2 milyon ədədə yaxınlaşır: Maşın çoxalır, paytaxt yüklənir
Azərbaycanda avtomobillərin sayı 2 milyon ədədə yaxınlaşır: Maşın çoxalır, paytaxt yüklənir

Azərbaycanda avtomobillərin sayının artmasını həm idxal göstəricilərinə baxanda, həm də müşahidələrlə bilmək olur. Say artımı aşkardır. Elə statistika da bunun belə olduğunu deyir. Hələ 2024-cü ilin əvvəllərində ölkədə 1 milyon 738 mindən çox avtomobil olduğu açıqlanmışdı. İl ərzində ümumi rəqəmin artıq 1,8 milyonu keçdiyi bildirilir. Ölkədə avtomobillərin sayı 2 milyon ədədə yaxınlaşır.

Bizimyol.info xəbər verir ki, 2023-cü ildə Azərbaycana başqa ölkələrdən 88 min 151 minik avtomobili gətirilib. Başqa avtomobil növlərini də nəzərə alsaq, say 96 min ədədə çatır.

Təkcə 2016-2019-cu illər ərzində ümumilikdə ölkəyə bu qədər maşın gətrilməmişdi. Məsələn, 2016-cı ildə idxal olunan minik avtomobillərinin sayı 5 minə çatmırdı. Yəni 7 il fərqlə 18 dəfəyə yaxın artım olub. İllərlə tələbatın yalnız artdığını görürük.

Avtomobil sayının artması paytaxtı bir az da yükləyir. Müstəqil ekspertlərin hesablamasına görə, hər gün Bakı küçələrində 1,2 milyondan çox maşın şütüyür. Yəni avtomobil sayının artmasını daha çox ölkənin ən böyük şəhəri hiss edir.

Tərslikdən indi paytaxtda minik avtomobilləri üçün hərəkət imkanları da məhdudlaşıb. Onsuz da infrastruktur yaxşı deyildi. Üstəlik, plansız avtobus, velosiped yollarının salınması minik avtomobillərinin işini çətinləşdirib. Günün istənilən vaxtında tıxac olur. Minik avtomobilləri saatlarla tıxacda qalır.

Avtomobillərin sayının artması heç də sosial vəziyyətin yaxşılaşması anlamına gəlmir. Paytaxt əhalisi artdıqca xidmət sektorunda işləmək üçün maşına ehtiyac yaranır. Üstəlik, avtomobil sayının daha çox nimdaş, çoxillik nəqliyyat vasitələrinin hesabına artdığını da nəzərə almalıyıq.

Qarşıdakı illərdə necə olacaq? Say daha da artacaq. Başqa proqnoz inandırıcı görünmür. Hökumət bunu nəzərə alaraq, təxirəsalınmaz tədbirlər görməlidir. Yolları bağlamaqla məsələ həll olunmur. Avtomobillər ölkə üzrə paylanmalıdır. Yəni bölgələrdə həyat canlanmalıdır. Ölkə təkcə paytaxtdan ibarət olmamalıdır.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »