Rusiya Telegram-ın təsisçisi Pavel Durovun saxlanılması ilə bağlı Fransaya nota göndərib. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Fransaya notanın həbsdə olan Telegram-ın təsisçisi və baş icraçı direktoru (CEO) Pavel Durova daxil olmasını xahiş etdiyini bildirib. "Problem Fransanın Durovu ilk növbədə öz ölkəsinin vətəndaşı kimi qəbul etməsidir" deyə Mariya Zaxarova qeyd edib. Telegram mesajlaşma platformasının təsisçisi və baş direktoru Pavel Durov ötən günlərdə Azərbaycandan şəxsi təyyarəsi ilə gəldiyi Fransa hava limanında saxlanılıb.
Pavel Durov kimdir?
Rusiyanın məşhur sosial media saytı VK-nın da qurucusu olan Durov 2014-cü ildə Rusiyanı tərk edib. Fransa, Rusiya, Birləşmiş Ərəb Əmirlikləri və St. Sent Kitts və Nevis vətəndaşlığına sahib olan Durovun sərvətinin təxminən 15 milyard dollar olduğu təxmin edilir. Dünyanın məşhur ani mesajlaşma və sosial media proqramlarından biri olan Telegram-ın aylıq aktiv istifadəçilərinin sayı 900 milyon nəfərə çatıb.
Politoloq Turab Rzayev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Telegram ətrafında baş verən hadisələr əslində çox geniş bir prosesin tərkib hissəsi hesab edilə bilər.
Turab Rzayev“Biz faktiki olaraq, bunu real səbəbini bilmirik. Burada mümkün səbəblər var. Səbəblərdən biri bilirsiniz ki, Teleqramın məxfilik siyasəti var və kifayət qədər Teleqram proqramında fərqli şəxslərlə yazışmaları və insanların şəxsi məlumatları var. Ola bilsin ki, bununla bağlı hansısa şəkildə bu məlumatlara giriş əldə etməyə çalışırlar. Və yaxud kimlərinsə gizli məlumatları var və Telegram-dan onları silməyə çalışırlar. Bu da mümkündür.
Burada iki əsas məqama fikir vermək lazımdır. Bunlardan birisi odur ki, bu Rusiyaya qarşı müharibənin tərkib hissəsidir. Rusiyanı öz əlində olan informasiya silahından, sosial şəbəkə silahından məhrum etməyə çalışırlar. Bu da ola bilər. İkinci məsələ də burada həqiqətən Telegram-a hansısa şəkildə giriş əldə edib, gələcəkdə Rusiyanın onu fərqli şəkildə istifadə etməsinin qarşısını almağa çalışa bilərlər. Bunlar mümkün versiyalardır”-deyə politoloq bildirib.
Politoloqun fikrincə, Rusiyaya qarşı sanksiyalar olur və Telegram-a qarşı başladılan bu işi də sanksiyaların tərkib hissəsi kimi görmək olar.
Turab Rzayev qeyd edib ki, Pavel Durovu həbs etməklə, Telegram-a hansısa xüsusi giriş əldə etməklə, burada maliyyə əldə etmək və ya maliyyə dondurma mümkün deyil. Politoloq hesab edir ki, Rusiyaya qarşı bi informasiya müharibəsi aparılır. Telegram-da onları maraqlandıran məlumat olmasa belə, Rusiyanın əlindən böyük bir informasiya silahını almış olurlar.
İradə Cəlil, Bizimyol.info






