Ali Məhkəmənin təşəbbüsü ilə məhkəmələrə elektron qaydada müraciət etmək imkanı daha da genişləndirilib. Bu, “Elektron məhkəmə” informasiya sisteminin təkmilləşdirilməsi çərçivəsində həyata keçirilib.
Bizimyol.info xəbər verir ki, “Elektron kabinet” istifadəçisi olan fiziki və hüquqi şəxslər, o cümlədən dövlət orqanları apellyasiya instansiyası məhkəməsinin birinci instansiya məhkəməsi qismində baxdığı inzibati mübahisələr üzrə iddia ərizələrini elektron qaydada məhkəmələrə göndərə biləcək. Eyni zamanda iş üzrə prosesin gedişi, çıxarılan məhkəmə aktları, onlardan verilən şikayət barədə də operativ məlumat əldə edəcəklər.
İstifadəçilər məhkəmələrə bu tip iddia ərizələri vermək üçün ilk növbədə “Elektron kabinet”ə daxil olmalıdır. Oradan “Yeni ərizə” bölməsinə keçid edərək, müvafiq apellyasiya instansiya məhkəməsini seçməlidir. Daha sonra iddia üzrə zəruri məlumatları ardıcıl şəkildə daxil etməli və elektron imza ilə təsdiqləməlidir.
Apelyasiya məhkəməsinin birinci instansiya məhkəməsi qismində baxdığı seçki (referendumda iştirak) hüquqlarının müdafiəsi ilə bağlı mübahisələr, media ilə bağlı mübahisələr, siyasi partiyalarla bağlı mübahisələr, Mərkəzi Seçki Komissiyasının qərarının mübahisələndirilməsinə dair mübahisələr və digər bu tip işlər üzrə icraatın elektron qaydada aparılması məhkəmələrdə rəqəmsallaşma prosesinin sürətləndirilməsinə xidmət edəcək.
Aytən, Bizimyol.info






