Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Açıq hava şəraitində nəzarətsiz şəkildə yandırılan məişət tullantıları sağlamlığa ciddi təhlükə yaradır"
"Açıq hava şəraitində nəzarətsiz şəkildə yandırılan məişət tullantıları sağlamlığa ciddi təhlükə yaradır"

Bu gün müxtəlif qəsəbələrdə məişət tullantılarının yandırılması haları ilə qarşılaşırıq. Tullantılar bilərəkdən və ya bilməyərəkdən yandırılır. Məişət tullantılarının açıq şəkildə yandırılması insan sağlamlığı üçün zərərlidir və yanma zamanı ətraf mühitə təsir edən zərərli kimyəvi maddələr və hissəciklər buraxır. Atılan çirkləndiricilərin növü yandırılan tullantılardan asılıdır. Yanan bitki örtüyünün və üzvi materialların tüstüsündə karbonmonoksit, karbon qazı, digər istixana qazları, azot oksidləri, karbohidrogenlər və ağciyərlərə daxil olmaq və tənəffüs sisteminə təsir edəcək qədər kiçik hissəciklər kimi zəhərli qazlar var. Zibillərin qeyri-qanuni yandırılması nəticəsində yaranan tüstü, insanların tez-tez atdığı kağızlar, plastiklər və digər materiallarda olan sintetik kimyəvi maddələr səbəbindən xüsusilə zəhərlidir. Bu tüstüdə dioksinlər, arsenik, civə, xrom, poliklorlu bifenillər (PCB), qurğuşun və kanserogen olduğu aşkar edilmiş digər təhlükəli hava çirkləndiriciləri və s. ola bilər. Külək bu çirkləndiriciləri daşıyır. Göllərə, axarlara, torpağa qatır. Daha sonra bu çirkləndiricilər yeraltı sulara sızır. Çirkləndiricilər qida zənciri ilə bir növdən digərinə, daha sonra isə insana keçir və insanlara, canlı təbiətə və ekosistemə zərər verir. Mütəxəssislərin fikrincə, sakit hava şəraitində açıq yanma baş verdikdə, tüstü yer səviyyəsində qalır və zərərli çirkləndiricilərə birbaşa məruz qalma riski yaradır.

Ekoloq Ercan Çelik Bizimyol.info xəbər portalına aıqlamasında bildirib ki, istənilən yanğın zamanı havaya atılan zəhərli qazlar sağlamlıq üçün zərərlidir.

ekoloq, kimya mühəndisi Ercan Çelik Ercan Çelik

“Payız zamanı yarpaqların və həyət tullantılarının yandırılması insan sağlamlığı və ətraf mühit üçün zərərlidir. Belə ki, kiçik bir yanğın zamanı belə havaya atılan zəhərli tüstü gözləri, burnu və boğazı qıcıqlandırır. Dəridə səpkilər, ürəkbulanmaya və baş ağrısına səbəb olur. Ağciyərləri zədələyir və tənəffüs çətinliyinə səbəb olur. Ürək xəstəliyi riskini artırır. Astma, bronxit kimi tənəffüs xəstəliklərinə səbəb verir və ya ağırlaşdırır. Xərçəng kimi ciddi xəstəliklərə səbəb olur. Sağlamlığında problemi olan insanlar qocalar və uşaqlar tüstünün sağlamlığa mənfi təsirlərinə xüsusilə həssas olurlar”-deyə Ercan Çelik bildirib.

Ekoloqun sözlərinə görə, məişət tullantılarının yandırılması daha çox kənd yerlərində və şəhərkənarı ərazilərdə müşahidə olunur. Ercan Çelik vurğulayıb ki, məişət tullantılarının açıq şəkildə yandırılması bir çox ölkələrin ümumi təcrübəsidir.

“Məişət tullantılarının yandırılması yaxın ərazilərdəki sakinlərə xroniki sağlamlıq təsirləri yarada bilər. Məişət tullantılarının yandırılması adətən tullantıların toplanması xidmətləri ilə əhatə olunmayan ərazilərdə özünü göstərir. Müxtəlif tullantı xüsusiyyətlərinə malik bəzi açıq zibilxanalar nəzarətsiz şəkildə yandırıla bilər. Digər məişət tullantıları ilə birlikdə yandırılan plastik tullantıların olması səbəbindən yanma prosesi zamanı bir sıra polisiklik aromatik karbohidrogenlər havaya buraxıla bilər”-deyə Ercan Çelik qeyd edib.

Dioksin nədir?

Açıq havada yanma xüsusi sağlamlıq problemidir, çünki əhəmiyyətli miqdarda dioksin xaric edilir. Dioksinlər və "dioksinə bənzər" birləşmələr 30 yüksək zəhərli xlorlu üzvi kimyəvi maddələrdən ibarət qrupdur. Onlar təbii olaraq az miqdarda istehsal olunur. Dioksinlər xlorlu kimya istehsalı və metal əritmə kimi sənaye prosesləri vasitəsilə istehsal edilə bilər. Hal-hazırda, dioksin emissiyalarının ən böyük mənbəyi məişət tulantılarının nəzarətsiz yandırılmasıdır.

Tədqiqatlara görə, tullantıların yandırılması zamanı dioksin əmələ gəlməsi üçün tullantılarda yalnız kiçik miqdarda xlorlu materialların olması bəs edir. Bu da o deməkdir ki, PVC kimi yüksək miqdarda xlor olan materiallar məişət tullantılarından çıxarılsa belə, tullantıların yandırılması yenə də,dioksinlər yaradır. Çünki bütün məişət tullantılarında az miqdarda xlor var.

“Açıq havada yanma nəticəsində yaranan və havaya buraxılan dioksinlərin çoxu bitkilərin üzərində hopur. Bu bitkilər heyvanlar tərəfindən yeyilir və dioksinlər yağ toxumasında saxlanılır. İnsanlar dioksinlərə ilk növbədə ət, balıq və süd məhsulları, xüsusilə də yüksək yağlı qidalar qəbul etməklə məruz qalırlar. Açıq havada yanma ən çox dioksin tullantılarının heyvan yemi bitkiləri və otlaq sahələrində daha asan yığıldığı kənd əkinçilik ərazilərində baş verir. Daha sonra bu dioksinlər süd verən inəklərin, mal ətinin, quşların yağlarında toplanır və insanlar tərəfindən istehlak edilir”-deyən ekoloq vurğulayıb ki, dioksinlər davamlı, bioakkumlyativ və zəhərli çirkləndiricilər hesab edilir. Bioakkumulyator o deməkdir ki, qida zəncirində yuxarıya doğru hərəkət etdikcə onların konsentrasiya səviyyələri artır. Yəni qida zəncirinin yuxarı hissəsində olan heyvanlar bədənlərində ən yüksək dioksin konsentrasiyasına malik olurlar.

Qeyd edək ki, məişət tullantılarının toplandığı açıq hava şəraitində onların yandırılması, təkcə insan sağlamlığı üçün deyil, bütün canlılar üçün təhlükə mənbəyidir. Odur ki, təhlükədən uzaq olun və məişət tullantılarını yandırmayın…

İradə Cəlil, Bizimyol.info

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi

Məqalə Medianın İnkişafı Agentliyinin onlayn media subyektlərinə (veb-saytlara) maliyyə dəstəyi əsasında hazırlanıb.

İstiqamət: 6.3.17. ekologiya və ətraf mühitin mühafizəsi.

Son xəbərlər
Bütün xəbərlər »