ABŞ-ın istefada olan polkovniki və Müdafiə Nazirliyinin keçmiş müşaviri Duqlas Makqreqor qatıldığı verilişdə etdiyi inanılmaz etirafla gündəmə gəlib. Makqreqor Yaxın Şərqdəki gərginliyin İsrail tərəfindən böyük müharibəyə çevrilmək üzrə olduğunu bildirərkən, ABŞ-ın PKK ilə bağlı planını da etiraf edib.
Bizimyol.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, ABŞ-lı hərbi analitik Duqlas Makqreqor ABŞ və İsrailin “böyük müharibə” ssenarisini təsvir etdiyi verilişində ABŞ-ın Suriyada PKK-nı Türkiyəyə hücuma hazırladığını etiraf edib.
HƏMAS lideri İsmayıl Haniyənin öldürülməsindən sonra Yaxın Şərqdə gərginliyin artdığı və İranın İsrailə cavab hücumu gözlənildiyi bir vaxtda, bölgədəki son vəziyyətlə bağlı yeni təhlillər təəccüblü açıqlamaları ilə tanınan təqaüdçü amerikalı polkovnik Duqlas Makqreqordan gəlib.
Prosesin İsrailin də iştirak etdiyi böyük müharibəyə doğru getdiyini deyən amerikalı analitik Türkiyə ilə bağlı da diqqətçəkən açıqlamalar verib.
“Ərdoğan Türkiyəni müharibədən uzaq tutmağa çalışır”
Makqreqor prezident Ərdoğanın İsrailə qarşı çox sərt ifadələr işlətdiyini, İsraili heç sevmədiyini, ancaq israrla Türkiyəni müharibədən uzaq tutmağa çalışdığını vurğulayıb.
Prezident Ərdoğanın İsrailin Livana girəcəyi təqdirdə Livanda sabitliyi pozacağının fərqində olduğunu bildirən Duqlas Makqreqor bölgədəki vəziyyəti dəyərləndirərkən Türkiyə ilə bağlı da etiraflar edib. Makqreqor Amerikanın Suriyada terror təşkilatı PKK/YPG-ni Türkiyəyə hücuma hazırladığını bildirib. ABŞ-ın Suriyada terror təşkilatı YPG/PKK-ya təlim keçərək təchiz etdiyi, yük maşınları ilə silah və sursat göndərdiyi məlumdur.
“Bu dəfə İsrail də çirkli planın bir hissəsidir”
Duqlas Makqreqor çıxışında bu məlumatı etiraf edib və ABŞ-ın terror təşkilatı PKK-nı Türkiyəyə qarşı yeni hücumlara hazırladığını bildirib. Makqreqor ABŞ-ın əvvəllər Türkiyəyə hücumda PKK-ya dəstək verdiyini etiraf etdiyi halda, indi İsrailin Suriya üzərindən PKK-dan istifadə edərək Türkiyəyə hücum planı hazırladığını iddia edib.
Duqlas Makqreqor çıxışında aşağıdakı ifadələrdən istifadə etdi:
“Hazırda Suriyadakı qüvvələrimizi Türkiyəyə hücuma hazırlayırıq. Kimi nəzərdə tuturam? PKK, YPG və onlarla birlikdə hərəkət edən bəzi təşkilatları Türkiyəyə hücuma təşviq edir və silahlandırırıq. Türklər də bunun fərqindədirlər və bundan çox narahatdırlar. Biz bunu keçmişdə mütəmadi olaraq etmişik. Amma bu dəfə çox ciddidir. Ruslar Suriyanın şimalında da yeni baza yaradıblar. Onlar istəmirlər ki, biz onlara qarşı birbaşa tədbir görəcək vəziyyətdə olaq.
Başqa sözlə, biz İsrailin də iştirak etdiyi böyük müharibəyə doğru gedirik. “Biz ABŞ olaraq artıq bunun bir hissəsiyik”.
Qadir, Bizimyol.info






