Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Fərdi təsərrüfatlara ölüm hökmü: Su od qiymətinə olacaq
Fərdi təsərrüfatlara ölüm hökmü: Su od qiymətinə olacaq

Kənd təsərrüfatında idxalın dəfələrlə artması yalnız uğursuzluq göstəricisi sayıla bilər. Ölkə özünü müxtəlif məhsullarla tam təmin edə bilmir. Kənd təsərrüfatının ayrı-ayrı istiqamətləri ilə bağlı dövlət proqramlarının yerinə yetirilməsi vəziyyəti bir az da mürəkkəbləşdirir.

Bizimyol.info xəbər verir ki, Azərbaycanda su obyektlərindən xüsusi məqsədlər üçün istifadə ödənişli olacaq. Sənaye məqsədilə Xəzər dənizindən götürülən 100 m3 suya görə 40 qəpik, çay və göllərdən götürülən 100 m3 suya görə 4 manat, yeraltı sulardan götürülən 100 m3 suya görə isə 40 manat müəyyənləşdirilib.

Nə deməkdir bu? Fərdi təsərrüfatlara ölüm hökmü çıxarmaq deməkdir. Heç kimə sirr deyil ki, xüsusilə çay və göl hövzələrindən fərdi təsərrüfatlarda istifadə olunur. Motorlar vasitəsilə suvarma, heyvandarlıq üçün su əldə etmək baxımından həmin hövzələr vacib rol oynayır. Üstəlik, kiçik süni gölməçələrdə balıqçılıq təsərrüfatları yaradılır. Nümunə kimi Kür çayı hövzəsini göstərmək olar. Çay kənarında yerləşən kəndlərin sakinləri təsərrüfatlarının işlərini Kürün sayəsində həyata keçirirlər. Adicə mal-qaraya su da oradan verilir. Belə çıxır ki, bundan sonra inəyə bir vedrə su vermək də pullu olacaq.

Yeraltı sulardan istifadənin qiymətini görürsünüz? İnsanlar məişətdə istifadə baxımından yeraltı suyu torpaq səthinə çıxarmaq üçün yerin dərinliyinə nazik boru vurur. Beləcə, xüsusi qurğu ilə su əldə olunur. Yəqin ki, buna görə də pul ödəmək lazım gələcək. Məbləğ də heç az deyil.

Bundan sonra kəndli təsərrüfatını necə saxlasın? Su od qiymətinə oldu. Sonra da deyirik ki, insanlar kəndlərdə qalmaq istəmir. Çünki həyatda qalmaq mümkün deyil. Xüsusilə dağ kəndlərində şərtlər əlverişsizdir. İnsanlar susuzluqdan əziyyət çəkir. Yeraltı sulardan məişətdə istifadə etmək olurdu. Onu da kəndlinin əlindən alırıq. Kür çayının hövzəsində onminlərlə insan yaşayır. Birtəhər ailə dolandırırlar. Buna da imkan vermirik. Belə kənd təsərrüfatı inkişaf etdirməzlər. Sonradan gileylənməyin mənası yoxdur.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »