Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Fövqəladə ədalətsiz səfir
Fövqəladə ədalətsiz səfir

Elə faktlar, həqiqətlər var, hamının gözünün qarşısındadır. Ancaq kimsə o gerçəkləri görə bilir, kimsə görə bilmir, kimsə də görmək istəmir.

Bir də dördüncü tip adamlar var, deyirlər: "Mən gözümü yumanda hər kəs və hər şey yoxa çıxır". Belələri öz düşündüyünü və ya istədiyini real fakt, mütləq həqiqət bilir və başqalarının da qəbul etməsini gözləyir.

Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar dördüncü tip adamlardandır. Səlahiyyət müddəti bitən, artıq yeni vəzifəyə təyinat almış səfir Klaar gedər ayaq "aranı qarışdırıb". O, qalmaqallı açıqlama ilə gündəmi "zəbt eləyib". Söhbət Klaarın Qarabağdan könüllü köçmüş ermənilərlə bağlı açıqlamasından gedir. Bu ranqda diplomat hələ də "bilmir" ki, könüllü köçmək başqa şeydir, məcburi köçkün düşmək başqa. Qaçqınlıq isə tamamilə ayrı bir şeydir. Qarabağda - Xankəndində və sair bölgələrdə yaşamış erməniəsilli əhali oradam öz xoşu ilə miqrasiya edib. Hətta onların Azərbaycan Respublikasının vətəndaşları olmadıqlarını nəzərə alanda, həmin şəxslər nə qaçqındırlar, nə köçkün. Nə də hətta könüllü köçkün. Heç emiqrant da deyillər. Adamlar günün birində öz ölkələrinə, yəni vətəndaşı olduqları ölkələrə getməyə qərar veriblər. Çünki onlar əksərən Ermənistanın və Rusiyanın, eləcə də, başqa ölkələrin vətəndaşı idi. Xaricə həmin ölkələrin pasportu ilə gedib-gəlirdilər. Hə, onlara qondarma, separatçı bir kvazidövlət pasportu da vermişdilər. Səfir Klaarın təmsil etdiyi Aİ-nin üzvü olan dövlətlər tanımışdı?! Xeyr! Klaarın öz vətəni - Estoniya "DQR" adlı qondarma qurumu, onun pasport deyə verdiyi saxta sənədi həqiqi pasport olaraq tanımışdımı?! Əlbəttə, yox. Onda Klaar nədən, kimdən danışır?!

Səfir Klaar Qarabağdan könüllü getmiş erməniləri Azərbaycan-Ermənistan münasibətlərində "xüsusi amil" adlandırır. Onların geri qayıdışını "xüsisi məqam" adlandırıb.

Səfir hələ də dərk etmir ki, bu məsələlər hüququn müəyyənləşdirdiyi işdir. Dünyada hər bir insan mütləq hansısa dövlətin vətəndaşıdır. Yəni hüququn subyektidir. Hətta "vətəndaşlığı olmayan şəxs" də hüquqi statusdur. Bunu hər dövlətin öz suveren hüquq sistemi müəyyənləşdirir. Öz ölkəsinin hüquqi məkanından qaçıb hansısa başqa ölkəyə sığınan varsa, onun da taleyini yenə hüquq həll edir. Ya beynəlxalq konvensiyalar, ya da milli qanunvericilik. Yaxud ikisi də birdən. Bir sözlə, hüququn təsir qüvvəsindən kənarda heç bir adam yoxdur.

Qarabağdan çıxıb getmiş (köçüb getmiş yox, çıxıb getmiş!) erməniəsilli adamlar Azərbaycanın deyil, başqa dövlətlərin hüquq məkanına aiddirlər. Aid olduğu yerə gediblərsə, niyə və necə geri qayıdacaqlar?! Hə, gəlib Azərbaycanda yaşamaq arzusunda olan erməniəsilli adamlar ola bilər. Əgər belələri varsa, onlar da Azərbaycanın Konstitusion, suveren hüquq məkanına qayıdasıdır. Ancaq əvvəlcə Azərbaycanın Konstitusiyası və qanunları çərçivəsinə - Azərbaycan Respublikası vətəndaşlığına daxil olmalıdırlar. Azərbaycan Xarici İşlər Nazirliyi bunu Klaara izah edib. Bilmirəm, anlayıbmı?!

Bir ölkənin vətəndaşı olduğu halda, gəlib başqa ölkədə daimi necə yaşamaq olar?! Hər bir əcnəbinin Azərbaycanda konkret qalma müddəti var. Daimi yaşamaq üçün isə oturum izni, vətəndaşlıq almaq prosedurlarını keçmək lazımdır. Məgər Estoniyada belə deyil?! Yoxsa Avropa İttifaqının başqa ölkələrində başqa cürdür?!

Səfir Klaar Ermənistandan zorla (zorakılıqla!) qovulmuş Azərbaycanlıların həmin ölkəyə - öz ata-baba yurdlarına, doğma evlərinə geri qayıtmaları haqda bir kəlmə də deməyib. Ermənistanı bunun üçün lazım olan şəraiti yaratmağa çağırmayıb. Ancaq Ermənistandan olan soydaşlarımız geri qayıtmaq istəyir. Həm də, təbii ki, Ermənistanın vətəndaşlığını qəbul edərək. Sadəcə, sülh müqaviləsinin imzalanması və Ermənistanın qayıdış üçün şərait yaratması lazımdır. Ermənistandan zorakılıqla qovulmuş azərbaycanlılar həmin dövlətin vətəndaşlığını qəbul etməklə geri qayıtmaq istədiyi halda, Azərbaycandan könüllü getmiş ermənilər niyə eyni addımı atmaq istəmir?! Hə, könülləri belə istəyirsə (getdikləri ölkələrdən geri dönmək fikirləri yoxdursa), Azərbaycan hökuməti nə etməlidir?! Onları xarici ölkələrdən bir-bir toplayıb gətirməli deyil ki! Hərçənd Klaarın psevdodiplomatik "məntiq"indən belə çıxır...

Bahəddin Həzi Bahəddin Həzi

Bahəddin Həzi, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »