Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
AADA-nın təşkilatçılığı ilə Azərbaycanda ilk dəfə elektrik avtomobillərin yarışı keçiriləcək
AADA-nın təşkilatçılığı ilə Azərbaycanda ilk dəfə elektrik avtomobillərin yarışı keçiriləcək

Ölkəmizdə ilk dəfə elektrik avtomobillərin yarışı baş tutacaq. Yarışı Azərbaycan Avtomobil Dilerləri Assosiyasiyası (AADA) həyata keçirir.

Tədbirin rəsmi media tərəfdaşı Bizimyol.info xəbər verir ki, AADA İdarə Heyətinin sədri Natiq Zərbəliyev ölkədə ilk dəfə keçiriləcək elektrik avtomobillərin yarışı haqqında ətraflı məlumat verib.

"Dərhal qeyd edim ki, bu sürət yarışı deyil, bəlkə də əksinə, ən rəvan və ekonomik hərəkət rejimi seçmiş ekipajlar qalib gələcək. Əsas şərtimiz tam dolu batareyalar ilə Bakı-Nabran-Bakı məsafəsini qət etməkdir. Yarışın finalına keçmək üçün «Palma» istirahət mərkəzinə çatanda elektromobildə 50 faiz enerji ehtiyyatı qalmalıdır. Aydındır ki, bu da Bakıya dönməyə zəmin yaradır. Növbəti mərhələdə hakimlər hansı elektromobillərdə faiz baxımından daha çox enerji qaldığını araşdıraraq, ilk 3 qalibi müəyyən edəcəklər. 

Məqsədimiz cəmiyyətə nümayiş etdirməkdir ki, müasir elektromobillər uzaq məsafələrə səyahətlər üçün tam hazırdır. Gəlin xatırlayaq, bu yaxınlarda elektromobildə dünya səyahətinə çıxmış ispaniyalı həvəskar pilot Rafael Mestrenin marşurutu Bakıdan keçirdi. Məhz onunla görüşdən sonra bizdə belə yarışın ideyası yarandı. 2-3 avqust tarixində keçiriləcək yarış insanlarımızın sevimli istirahət məkanı olan Nabranda parlaq elektromobillər festivalı ilə yekunlaşacaq.

Məlumdur ki, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş «Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər» proqramında təmiz ətraf mühitə nail olmaq və «yaşıl artım ölkəsinə» çevrilmək kimi hədəflər təyin edilmişdir. Bu proqram çərçivəsində ekoloji nəqliyyat vasitələrinin təşviqini gücləndirmək üçün AADA silsilə tədbirlər həyata keçirməkdə davam edir. Ölkəmizin BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi etməyə hazırlaşdığı dövrdə bu sayaq tədbirlər xüsusi məna daşıyır. Elektromobillərlə yarışacağımız növbəti marşurutlar kimi Şəki və Gəncə nəzərdə tutulur. 

Məlumat üçün AADA sıralarında 50-dən çox aparıcı avtomobil markasını ölkəmizdə təmsil edən rəsmi idxalçıları və yerli avtomobil istehsalçılarını birləşdirən ictimai birlikdir. Təşkilatın missiyası Azərbaycanda avtonəqliyyat sektorunun inkişafı, sivil avtomobil biznesinin bərqərar olması, ölkənin avtomobil parkının yenilənməsi, yollarda təhlükəsizliyin yüksəlməsi və ümumi ekoloji mühitin sağlamlaşmasına yardım etməkdir".

Son xəbərlər
Bütün xəbərlər »