Üzü Şimal zonasına gedənlər yaxşı bilir ki, yolda dayanıb istirahət etmək üçün “Beşbarmaq piri” dayanacağı var. Demək olar ki, hamı burada 10-15 dəqiqə dayanıb, istirahət etdikdən sonra yoluna davam edir. Burada müxtəlif kafelər fəaliyyət göstərməklə yanaşı, səyyar satıcılar da var. Kimi kabab bişirib satır, kimi sendviçlər hazırlayıb insanlara təklif edir. Bir kənarda isə, odun qalayıb qarğıdalı bişirirlər. Sanitariya qaydalarına necə əməl olunduğundan yazmayacağam...
Bu dəfə bu ərazinin “ayaqyolu” haqqında yazmaq məcburiyyətindəyəm. Dayanacaqda dayananların hamısı demək olar ki, nəqliyyat vasitəsindən düşən kimi tualetin harda olduğunu soruşur. Biz də hamı kimi soruşub yeri müəyyən etdik. Yaxınlaşanda tualetin nəzarətçisi dedi ki, “qiymət 30 qəpikdir. Nə isə. Söhbət qiymətdə deyil, söhbət təmizlikdədir. İçəriyə üfunət iyindən girmək mümkün deyil. Suyu isə açıb buraxıblar, sanki belə də olmalıdır.
Deyəsən, “Azərsu” sayğac quraşdıranda sadə vətəndaşlardan başı açılmadığı üçün bura sayğac quraşdırmağı unudub. Kasıb bir balaca "əyri"yə qaçan kimi “Azərsu” başının üstünü kəsir, cəriməsini yazır, kasıbın başının üstündə "yumruq" olduğunu hiss etdirir.
Görünür, "Azərsu" bu əraziləri unudub. Məhz bu unutqanlığın nəticəsidir ki, suyu açıb qoyub yerə axıdırlar. Sonra da deyirik ki, 2050-ci ildə su qıtlığı yaşayacağıq. Yaşayarıq da. Suyumuzu tualetə saatlarla axıdanda sonu da belə olacaq. Nə isə..
“Beşbarmaq piri” dayanacağı ərazisində tullantı / Foto: İradə Cəlil, Bizimyol.infoTualetin ətrafı məişət tullantılarının atılması üçün "seçilmiş" əraziyə çevrilib. Yəni insanın çarəsiz qalmasa içəri girməz. Bir tərəfdə belə antisanitar vəziyyət, digər tərəfdə də yemək təklif edilir.
Deyəsən, bu ərazini inzibati qurumlar da çoxdan unudub...
İradə Cəlil, Bizimyol.info






