Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bürclərin mənbəyi elmdir, yoxsa sadəcə "terapiya" növüdür? Proqnozlara inamın altındakı "gizli" səbəblər...
Bürclərin mənbəyi elmdir, yoxsa sadəcə "terapiya" növüdür? Proqnozlara inamın altındakı "gizli" səbəblər...

Nə üçün 21-ci əsrdə - texnoloji tərəqqi və innovasiya əsrində yaşayan bir çox insanlar mistisizmə, falçılığa, ulduz falına və əlamətlərə inanmaqda davam edir? Çünki həmişə dəyişikliklər və siyasi qeyri-sabitlik dövründə insanlar daxili tarazlığı bərpa etmək üçün əlavə dəstək axtarırlar. Astrologiyaya müraciət etmək mövcud vasitələrdən biridir. Qərəzsiz yoxlamalar həm astroloji proqnozların, həm də astroloji şəxsiyyət portretlərinin uyğunsuzluğunu dəfələrlə göstərib. Ancaq narahatlıq zamanı insan nəyəsə arxalanmaq istəyir.

Ziqmund Freyd “Totem və Tabu” əsərində deyir ki, “inanclarımızın əsasını sehrli düşüncə təşkil edir”. Bu da o deməkdir ki, insan təfəkkürün gücü ilə baş verənlərə təsir etmək qabiliyyətinə, eləcə də məntiqə tabe olmayan bir növ möcüzənin mövcudluğuna inanır. Bu qabiliyyət erkən uşaqlıqda (5 yaşa qədər) uşaq psixikasının geniş dünyanın anlaşılmazlığına qarşı müdafiə mexanizmi kimi formalaşır.

Möcüzələrə inanmağa kömək edir, ən yaxşısına ümid verir. Məsələn; nağıllara, "Şaxta baba"ya, sehrə inam bəzən çətin anlardan keçməyə kömək edir və insanı səfərbər edir.

7 yaşından sonra tənqidi təfəkkür inkişaf etməyə başlayır. Möcüzələrə inanmağa ən həssas olanlar tənqidi təfəkkür səviyyəsi aşağı olan və ya çətin həyat şəraitinin təsiri altında olan, öhdəsindən gəlmək üçün bilik və təcrübəyə malik olmadıqda və ya sadəcə olaraq təfərrüatları araşdırmaq istəməyən insanlardır.

Keçən əsrdə məşhur amerikalı sahibkarın və sirk sahibinin şərəfinə Barnum effekti adlanan bir vəziyyət ortaya çıxdı. Belə ki, müəyyən edildi ki, insana deyilsə ki, qeyri-müəyyən və bayağı ifadələr bəzi amillərin öyrənilməsi nəticəsində əldə edilib, insan bu bayağı ifadələri şəxsən qəbul etməyə meylli olacaq. İnsan ulduz falına bir çox hallarda inanmağa başlayır.

Fikir vermisinizmi, bürcdə bir şəxsiyyəti təsvir edərkən, tənqidi şərhlərdən 5 qat daha çox müsbət xüsusiyyətlər qeyd edilir. Bu faktı amerikalı psixoloq Snayder və onun həmkarları müxtəlif insan qruplarını tədqiq edən təcrübələrində müəyyən ediblər. Biz daha yüksək statuslu, bizdən yaşlı, sakit və inamlı davranmağı bilən insanlara inanmağa meylli olduğumuz üçün münəccim və ya ekstrasens müdrik obrazına malikdirsə və onu hamı tanıyırsa, onun sözlərini həqiqət kimi qəbul etmək daha asandır. Məsələn məşhur "halo effekti" belə işləyir. Astroloqun təhlil üçün bəzi sualları verməsi çox vacibdir. Məsələn, doğum yerini və vaxtını dəqiq göstərməyi tələb edənlər daha çox inandırıcı olur. Bürclərə inanan insanlar üçün gözləntilərin qarşılanması psixoloji fenomeni tətikləyir və inanılan "baş verir".

Fransız tədqiqatçısı Mişel Qoklen (1928-1991) həyatının çox hissəsini astrologiyanın statistik tədqiqinə həsr etmişdi. O, bir çox təcrübələr aparmış və xarakter əlamətlərinin bürclə əlaqəli olmadığını müəyyən etmişdi. Narahat, həyatdan qorxan, depressiyaya düşən, gələcək qorxusu olan insanlar çox vaxt astroloqlara müraciət edirlər. Belə insanların xarakterləri və gələcəkləri ilə bağlı müsbət və “qədim elm”ə xüsusi ehtiyacı var. Onlar üçün bu həm də narahatlıqları, qorxuları və gələcəyə dair qeyri-müəyyənliyi aradan qaldıran unikal psixoterapiya formasıdır. Xəstənin daxili problemlərini etiraf etmək və anlamaq üçün səy göstərməsini və sonra münasibətini və davranışını dəyişdirməsini tələb edən digər terapiya formalarından fərqli olaraq, bu, astroloqdan yalnız doğum vaxtı və yeri haqqında məlumat verməsini tələb edir.

Narahat vəziyyətdə olan insanlar da tez-tez bürclərə müraciət edirlər. Onu azaltmaq üçün hər şeyə inanmağa hazırdırlar. Belə insanlar üçün ən azı müəyyən əminlik xüsusilə vacibdir. Bir astroloqun xidmətlərinin adətən kifayət qədər baha olması da vacibdir. Şəxsi məsləhətləşməyə və ya tamamilə bürclərə həsr olunmuş bir jurnala pul ödədikdən sonra, şüuraltı olaraq pulunuzu boşa xərclədiyinizi etiraf etmək istəməyəcəksiniz.

Mütəxəssislərin fikrincə, bürclərə inam dünyanın mənzərəsini təhrif edir və yersiz davranışlara səbəb olur.

Astroloqların fikrincə, əlverişsiz günlərdə insanlar uğursuz bir ulduzun altında doğulduğu üçün Kainatdan inciyirlər. Problemi həll etmək üçün indi nəsə etmək əvəzinə, psevdo-əlverişli anı gözləyirlər və bununla da vaxt itirirlər. Proqnozların təlqin etdiyi acizlik, fatalizm və sosial passivlik hissi insanın şəxsiyyətinə və iradəsinə dağıdıcı təsir göstərir. Eyni zamanda, proqnoz əlverişli olduqda, insan lazımsız risklərə meylli olur. İnsanlar da inanırlar ki, onların mənəvi keyfiyyətləri birdəfəlik ulduzların yeri ilə müəyyənləşdiyi üçün onlardan çox az şey asılıdır. Bu da insanı qurban mövqeyinə sürükləyir.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »