Təkcə sosial platformalarda müzakirə olunan mövzulara nəzərə yetirmək kifayətdir ki, ölkənin müasir tələblərdən uzaq yaşamasına, zamanla bərabər addımlamamasına əmin olasan. Dünya dəyişir, yeni istiqamətlər müəyyənləşir. İndi elm, texnologiya, innovasiya dövrüdür. Ölkə bu istiqamətlərdə hər hansı inkişaf yolu ilə fərqlənmir.
Bizimyol.info xəbər verir ki, 2007-ci ildən Qlobal İnnovasiya İndeksi tərtib edilir. Təşəbbüskar Böyük Britaniyanın “World Business” jurnalı olub. Reytinq alıcılıq qabiliyyəti paritetində dünya ümumdaxili məhsulunun 99 faizini üzərinə götürmüş 132 iqtisadiyyatı əhatə edir.
Yeni reytinq açıqlanıb. Məlum olub ki, Azərbaycan Qlobal İnnovasiya İndeksində 89-cu yerdə qərarlaşıb. Postsovet ölkələrindən bizdən aşağıda yalnız Qırğızıstan və Tacikistan gözə dəyir. Hələ 2015-ci ildə Azərbaycan 85-ci yerdəymiş. Zamanla innovasiyalar istiqamətində daha da geriləyirik.
Siyahıya İsveçrə başçılıq edir. İsveç, ABŞ, Böyük Britaniya, Sinqapur, Finlandiya, Niderland, Almaniya və Danimarka da liderlər qrupundadır. Başqa postsovet ölkələrindən Rusiya 51-ci, Ukrayna 55-ci, Moldova 60-cı, Ermənistan isə 72-ci yerdədir.
Qlobal İnnovasiya İndeksi 81 indikatorun qiymətləndirilməsinə əsaslanır. Bunlardan 63-ü ilkin, 15-i kompleks göstəricilər, 3-ü isə sorğu nəticəsində əldə olunmuş məlumatlardır.
Eyni zamanda 2023-cü ildə texnoloji baxımdan ən inkişaf etmiş ölkələrin sırası açıqlanıb. Burada 64 ölkənin adını görmək mümkündür. Azərbaycanı axtarmaya dəyməz. Siyahıda Botsvananı, Venesuelanı, Monqolustanı, Perunu görə bilərsiniz, amma bizim ölkəni yox. Çünki Azərbaycanda texnoloji inkişaf yalnız kağız üzərindədir.
Daha bir cədvəl var: uzunmüddətli texnologiya proqnozları. Yəni hansı ölkədən inkişaf gözləməyə dəyər. Yenə Azərbaycandan gözləntilərin olmadığı diqqət çəkir.
Yatmışıq filan qulağında. Həyat keyfiyyətinin artması üçün yeni metodlar, innovativ yanaşmalar olmalıdır. İnsanların həyatının asanlaşması üçün bu amil çox vacibdir. Belə hesabatlar hazırlananda hökumətin təşəbbüskarlığı da nəzərə alınır. Bizdə yalnız gurultulu ifadələr səsləndirməyi sevirlər. Ortada isə heç nə yoxdur...
Aytən, Bizimyol.info






