Ticarət naziri Ömər Bolat Azərbaycan-Türkiyə İnvestisiya Forumunda iştirak etmək üçün gəldiyi Bakıda iş adamları ilə görüşüb.
Bizimyol.info xəbər verir ki, Azərbaycanda olmaqdan məmnun olduğunu bildirən Bolat, Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovla sıx əlaqədə olduğunu bildirib.
Türkiyə ilə Azərbaycan arasında əlaqələrin hər sahədə yüksək səviyyədə olduğunu deyən Bolat, prezidentlər Rəcəb Tayyib Ərdoğanla İlham Əliyev arasındakı səmimi dostluq və qardaşlığın buna böyük təsir etdiyini bildirib. İki ölkə arasında qurulan əlaqələrin gələcəyə ümidlə baxmağa imkan verdiyini bildirən Bolat, "Qarşılıqlı ticarətimiz davamlı olaraq artımdadır. Qarşılıqlı investisiyalar hədsiz dərəcədə artır. Turizm əlaqələri artır", - deyə bildirib.
Sabah keçiriləcək Azərbaycan-Türkiyə İnvestisiya Forumunda hər iki ölkədən çoxlu dövlət rəsmilərinin, iri və orta şirkət rəhbərlərinin iştirak edəcəyini qeyd edən Bolat: “Birlikdə əldə edə bilməyəcəyiniz heç bir şey yoxdur. Türkiyə və Azərbaycan əl-ələ verib, birgə fəaliyyət göstərməklə regionda çox güclü ittifaqı təmsil edirlər”, - deyib.
Nazir Bolatdan başqa, Prezidentin Maliyyə İdarəsinin rəhbəri Göksel Aşan, baş auditor Şərəf Malkoç, Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov, kənd təsərrüfatı naziri Məcnun Məmmədov, səhiyyə naziri Teymur Musayev, prezidentin müşaviri Şahmar Mövsümov, Gömrük Komitəsinin sədri Şahin Bağırov da görüşdə iştirak edib.
Qadir, Bizimyol.info






