"Bakıda tramvay xətlərinin çəkilməsi ilə bağlı məsələ hazırda müzakirə edilmir". Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat nazirinin müavini Rəhman Hümmətov "Azərbaycanda mobilliyin transformasiyası proqramı"nın təqdimatında bildirib. O, qeyd edib ki, Bakının Baş Planında tramvay xətlərinin olması nəzərdə tutulur. Hələ ki, ictimai nəqliyyatın inkişafı ilə bağlı aparılan müzakirələrdə tramvay xətlərinin çəkilməsi ilə bağlı hər hansı konkret fikir yoxdur. Nazir müavini həmçinin bildirib ki, bu, qətiyyən o demək deyil ki, bu məsələyə qayıdılmayacaq.
Nazir müavini belə deyir və haqlıdır da…
İndi əsas məsələdən danışaq. Bakıda şəhərdaxili tramvay xətləri sovet dövründə və bu dövrün çöküşündən sonrakı ilk illərdə olub. Sonradan Bakı meriyası Bakını özü istədiyi kimi dizayn edib. Bu zaman tramvay kimi ictimai nəqliyyatlar nəzərə alınmayıb.
Bakıda vəziyyət 2016-cı ilə qədər nisbətən yaxşı idi. 2016-cı ildə Nazirlər Kabineti 86 saylı qərar verdi. Qərara görə, istismar müddəti bitmiş binalar sökülməli, yerinə yeni binalar inşa edilməli idi. Bəlkə də məqsəd Baknı yeniləmək idi, amma bu qərardan elə bir şəkildə sui-istifadə edildi ki… Bakı şəhərində olan icra hakimiyyətləri kimə istədilər söküntü-tikinti işləri ilə bağlı sərəncam payladılar. Təsəvvürünüzə gətirin, Bakıda bir söküntü-tikinti bumu yaşanırdı. Eyni zamanda sökülən binaların sakinlərinin aksiyaları hər keçən gün Bakını ağuşuna alırdı. Maraqlısı bu idi ki, bu bumun qarşısı alınmır, sakinlər də müxtəlif üsullarla "susdurulurdu". Məhz verilən o qərardan sonra Bakı şəhəri acınacaqlı vəziyyətə qaldı. Bütün köhnə tikililər söküldü və yeniləri ilə əvəz edildi. Bəli, proses gözə yaxşı görünürdü, şəhər yenilənirdi. Bir problem var idi ki, şəhər yenilən zaman binalar arasında olan məsafələr, göydələnlərin avtopark yerlərinin olması, binalara özəl parkların olması nəzərə alınmırdı. Qutu kimi binalar sadəcə dib-dibə inşa edilirdi. Bundan sonra Nazirlər Kabineti 86 saylı qərarı ləğv etdi. Söküntü -tikinti bumu dayandı. Və hətta tikinti qaydaları da sərtləşdirildi, müəyyən şərtlər, avtoparkinq yerləri, binalara özəl parklar, binalar arası məsafələr və s. ilə bağlı şərtlər qoyuldu. Təəssüf olsun ki, artıq gec idi. Tikən tikmişdi Bakını bildiyi kimi, istədiyi kimi…
Bu gün şəhərdə olan tıxacların səbəbi, məhz o 86 saylı qəraın kimlər tərəfindənsə, sui-istifadə edilməsidir. Bəli, bu gün Bakıya tramvay xətlərinin çəkilməsi ekspertlərin dediyi kimi çətindirsə, bunun da səbəbi 86 saylı qərarın nəticələridir. Həmin dövrdə bu qərara ehtiyac vardı. Bakı yenilənməli idi. Amma qərar verilməmişdən öcnə Bakının Baş Planı tərtib edilməli və o plan üzrə tikinti işləri aparılmalı idi.
Bu da olmadı. Bütün tikintilər kor-koranə tikildi.
Ekspertlər çıxıb, tıxaclara səbəb kimi avtomobil çoxluğunu göstərirlər. Tək səbəb bu deyil, əslində. Səbəb, Bakının labirint kimi tikilməsidir. Səbəb Bakıda əhali sayının artmasıdır. Və daha neçə səbəb...
Düşünürəm ki, Bakıda yaxın gələcəkdə tramvay xətləri olmayacaq. Bu, sadəcə xəyaldır. Bakıda tramvay xətlərinin olması üçün Nazirlər Kabineti yenə bir spontan-"düşünülməmiş" qərar verməlidir…
İradə Cəlil, Bizimyol.info






