2021-ci ildə tətbiq edilən Milli Kosmos Proqramı ilə Türkiyənin kosmosdakı hərəkətləri son illərdə artıb. Bu çərçivədə kosmosa gedən ilk türkün keçən aprel ayında açıqlandı. "TEKNOFEST" zamanı edilən açıqlamada pilot Alper Gezeravcının ilk türk kosmos səyahətçisi olacağı açıqlanıb. Mühəndis Tuva Cihangir Atasever isə ehtiyat komonavt elan edilib.
Bizimyol.info xəbər verir ki, bu barədə Türkiyə mətbuatının verdiyi məlumatda qeyd edilir.
İndi kosmosda ilk türk olacaq Gezeravcının missiyası ilə bağlı əhəmiyyətli bir yenilik var. ABŞ-ın kosmos şirkəti "Axiom Space" Gezeravcının da yer alacağı missiyası ilə bağlı təfərrüatları paylaşdı.
"Axiom Space" rəsmi internet saytını yeniləyərək "Ax-3" adlı missiyanı 9 yanvar 2024-cü ildə həyata keçirməyi planlaşdırdığını açıqlayıb. Beynəlxalq Kosmik Stansiyaya (BKS) yerləşdiriləcək "Ax-3" şirkətin üçüncü kommersiya astronavtı missiyası və tamamilə avropalılardan ibarət ilk missiyası olacaq.
"Ax-3" ekipajında Gezeravcıdan başqa daha üç nəfər var. Bunlardan birincisi İspaniya və ABŞ vətəndaşı, NASA-nın keçmiş astronavtı Maykl Lopez-Aleqria olacaq. Digərləri isə italyan zabit Valter Villadei və İsveç Avropa Kosmik Agentliyinin (ESA) layihəsinin astronavtı Markus Vandt olacaq. Gezeravcı "Ax-3"də “Missiya Mütəxəssisi” olaraq iştirak edəcək.
Dəyişiklik olmazsa, "Ax-3" ekipajı "SpaceX"in "Falcon 9" raketi ilə yanvarın 9-da ABŞ-dakı Kennedi Kosmik Mərkəzindən BKS-ə buraxılacaq. Astronavtlar gəmidə 14 gün qalaraq mikroqravitasiya tədqiqatı, təhsil dəstəyi və kommersiya fəaliyyətlərindən ibarət vəzifələrini yerinə yetirəcəklər.
Qeyd edək ki, Türkiyənin ilk kosmik səyahətçisi, Hərbi Hava Qüvvələrində "F-16" pilotu olan Alper Gezeravcı 1979-cu ildə Mersində anadan olub. Gezeravcı Hərbi Hava Qüvvələri Akademiyasının Elektron Mühəndisliyi fakültəsini bitirdikdən sonra ABŞ-da Hərbi Hava Qüvvələri Texnologiya İnstitutunda magistr təhsili alıb. Daha sonra Hərbi Hava Qüvvələri Komandanlığında "F-16" pilotu və standart donanma akademik şöbə komandiri vəzifələrində çalışıb.
Qadir, Bizimyol.info






