Ərəbmənşəli olan "işğal" sözü dilimizdə tez-tez istifadə etdiyimiz "məşğul" sözü ilə eyni kökdən gəlir. Torpaqlarımız 30 il düşmən işğalına məruz qaldığı üçün cəmiyyət olaraq işğalı ancaq fiziki olaraq qiymətləndirdik, ona yalnız fiziki məna verdik. Bir də işğalın daha ağır versiyası var ki, mən bunu "önyarğının işğalı" adlandırardım. Bu, mənim fikrimcə, fiziki işğaldan daha ağır və həll edilməsi daha çox zaman alan problemlərdəndir. Məsələn, mənim doğulub, boya-başa çatdığım Naxçıvan Muxtar Respublikası uzun illər önyarğının, həqiqətdən uzaq məlumatların, şayiələrin "işğal"ına məruz qalan diyar olub.
Çox sadə və bir qədər gülməli bir hadisə ilə söhbətin əslində necə bir "işğal"dan getdiyini oxuculara çatdırmaq istəyirəm. 2006-cı ildə Bakı şəhərinə köçəndə 5-ci sinifdə oxuyurdum. Yeni sinif yoldaşlarımla tanışlıq idman zalında oldu. Voleybol oynadıqları vaxt direktor müavini məni gətirib onların arasına saldı və məni onlarla tanış edib, getdi. Ətrafımı dövrəyə aldılar və bir neçə kəlimə danışdıqdan sonra ləhcəm haradan olduğumu büruzə verdi. Birdən aralarından daha sonralar çox möhkəm dostluğumuzun olduğu Elvin gülə-gülə belə bir sual verdi: "O düzdür ki, Naxçıvanda qarpıza "voyenni pomidor" deyirlər?" Birdən digər uşaqları gülmək tutdu və Elvinin bu sualından hamısı cəsarətlənib, Naxçıvan barədə ordan-burdan eşitdikləri hekəyələrin həqiqiliyini öyrənmək üçün məni sual atəşinə tutdular. "Hekayə"lər bir qədər gülməli və həqiqətdən uzaq olsa da, pörtən yanaqlarımla hədəfə kilidlənmiş sualları "zərərsizləşdirməklə" məşğul idim. Daha sonra idman forması gətirmədiyi üçün vaxtını bufetdə "öldürən" kök bir uşaq gəldi (adını indi də xatırlaya bilmirəm) və birdən "mühasirə"ni yarıb, məni ordan çıxardı və bununla da "sual güllələri"ndən azad oldum. Onunla həmyerli çıxdıq və dedi ki, uşaqların bu zarafatlarına baş qoşmayım, onsuz da heç nəyi dəyişdirə bilməyəcəm. Həqiqətən də dəyişə bilmədim. Bakıda tamamladığım orta təhsilim və dörd illik universitet həyatımda həm zarafatla, həm də ciddi şəkildə Naxçıvanla bağlı verilən o qədər suallar var idi ki, düşünürdüm görəsən, bu insanların beynini bu önyarğı ilə kimlər "işğal"a məruz qoyub? Nəyə görə onlar məlumatı olmadığı bir bölgə, yaxud insanlar haqda bu qədər kəskin və əminliklə danışa bilirlər və nəyə görə beyinlərini lazımsız "bilgi"lərlə məşğul edirlər?...
Naxçıvana nə vaxt səfər etsəm, düşünürdüm ki, kaş, imkan olardı, o sinif yoldaşlarımı, tələbə dostlarımı, elə öz iş yerimdən olan həmkarlarımı da məmləkətimə dəvət edərdim, onları bu "önyarğı" bəlasından xilas edərdim. Məni dövriyəyə alıb, yağdırdıqları sualları indi burda, çay süfrəsi arxasında bütün səmimiyyətimizlə müzakirə edək.
Bəli, heç vaxt Naxçıvana sinif yoldaşlarımla, tələbə dostlarımla birgə səfər etmə imkanımız olmadı. Ancaq ilk dəfə jurnalist həmkarlarımızla Naxçıvana səfər edəcəyimizi eşidəndə uşaqlıqdan arzusunda olduğum məqsədimin bu dəfə reallaşacağını anladım. Naxçıvan Səhiyyə Nazirliyinin təşkil etdiyi mediatur vasitəsilə bir neçə jurnalist həmkarımızla Naxçıvana yola düşdük. Naxçıvan Hava Limanında buralı olduğumu bildiklərində suallar yenə güllə kimi yağdı: badımcan mürəbbəsinin varlığından tutmuş, taksi sürücülərinin geyim formasınadək istər real, istər fantastik - hər növ sualla qarşılaşdım.
Naxçıvan Səhiyyə Nazirliyinin təşkil etdiyi bu mediatur həm bir jurnalist, həm də bir naxçıvanlı kimi məni çox sevindirdi. Çünki bu, Naxçıvanın artıq informasiya blokadasından çıxdığının ən bariz göstəricisi hesab olunur. Uzun illər sonra işinin peşəkarı olan, ixtisasını mükəmməl bilən və ən önəmlisi, yerli sakinlərlə və qonaqlarla ən səmimi şəkildə fikirlərini bölüşən, dil tapmağı bacaran, şəffaflığı işinin meyarı hesab edən kadrlar öz layiqli vəzifələrinə təyinat alıblar və işlərinin öhdəsindən ləyaqətlə gəlirlər. İllər öncə insanların təfəkküründə sadəcə "ağ-qara" rənglərdən formalaşan, dezinformasiya və önyarğıya məruz qalan Naxçıvan bu gün rəngbərəngliyi, şəffaflığı və işinin əhli olan layiqli kadrları ilə diqqət çəkir. Təkcə Naxçıvanın Səhiyyə Nazirliyinin timsalında bunu görmək olar. Təkcə Bakıdan Naxçıvana müalicə üçün gələn yüzlərlə insan var. Türkiyədə və başqa yüksək tibbi təhsil verən ölkələrdə öz ixtisasını peşəkarlıqla öyrənmiş yüzlərlə əməkdaş Naxçıvanın müxtəlif rayonlarında uğurlu xidmətlər aparır. Belə ki, Ordubad Rayon Mərkəzi Xəstəxanasında artıq ilk endoprotez əməliyyatı həyata keçirilib. Təkcə Səhiyyə sahəsində son illər aparılan ciddi işlər və gələcək üçün nəzərdə tutulmuş layihələr Naxçıvanın növbəti illərdə bu sahədə hansı qabaqcıl imkanlara sahib olacağından xəbər verir. Bir neçə il sonra artıq biz Naxçıvanı rahatlıqla "Şərqin Təbabət Mərkəzi" adlandıra biləcəyik. Vaxtilə müalicə üçün müxtəlif xarici ölkələrə üz tutan yerli sakinlər artıq yerli xəstəxanalarda, tibb məntəqələrində peşəkar xidmətlə təmin olunurlar. Cəmiyyətimizin həssas təbəqəsi olan şəhid ailələri və qazilərimizə də xüsusi qayğı və yüksək peşəkar xidmət göstərilir.
Mediatur çərçivəsində Naxçıvanın səhiyyə ocaqları ilə tanış olan həmkarlarımızın bütün sualları səmimi, geniş və şəffaf cavablarla işıqlandırıldı. Rəhbərliyin "sizə maraqlı olan istənilən sualı cavablandırmağa hazırıq" ifadəsi həm özümə, həm də həmkarlarıma çox böyük cəsarət və rahatlıq verdi. Daha rahatlıqla deyə və yaza bilərəm: artıq burada bütün suallara cavab var, Naxçıvan daha "o Naxçıvan" deyil...
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin təşkil etdiyi media tura aid Bizimyol.info xəbər portalının hazırladığı videonu rəsmi Instagram səhifəmizdə izləyə bilərsiniz:
Bu gönderiyi Instagram'da gör
Mətin Şükürlü, Bizimyol.info






