"Mən əvvəl də yazmışam, yenə deyirəm: Xankəndində Azərbaycan bayrağının dalğalanacağına daha ümid etmirəm. Niyə? Çünki qəti əminəm".
Bu cümlələri sentyabrın 11-də yazmışdım. Yəni Qarabağda lokal antiterror tədbirlərinin başlanmasından bir həftə qabaqkı yazımda.
Ona görə yox ki, çox uzaqgörənəm və ya yaxşı təhlilçiyəm. Xeyr! Sadəcə, başqa yolumuz yox idi. Azərbaycanın içində tanınmamış olsa da, dövlət cildində terror yuvası qurulmasına imkan verə bilməzdik.
Bəli, Qarabağın erməniəsilli əhalisi Azərbaycan vətəndaşlığını qəbul edəcək, Azərbaycan qanunlarına tabe olub yaşayacaq. Ya da gedib Ermənistanda, yaxud üçüncü ölkədə yaşayacaq. İstənilən halda yaşayacaq. Biz onlar deyilik; qadınla, uşaqla işimiz yoxdur. Təslim olana aman vermək Türkün savaş əxlaqıdır. Ancaq əli qanımıza batmış hərbi canilərlə, terrorçularla qanunun ən sərt üslubuyla davranmaq dövlətimizin haqqıdır. Mən istərdim ki, Xocalı, Qaradağlı, Meşəli, Qarakənd, Başlıbel, Ağdaban... caniləri ilə bizim müstəntiqlərin görüşü, hakimlərin hökmləri baş tutsun. Bir daha Azərbaycanla silah dilində danışmağa cəsarət etməsinlər.
Tezliklə Xankəndində, Ağdərədə, Əskəranda, Xocalıda, Xocavənddə Azərbaycan bayraqlarını görəcəyik. Dediyim kimi: qəti əminəm.
Bahəddin Həzi, Bizimyol.info






