Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Təhsil: yerinə yetirilməyən vədlər, inkişafa xidmət etməyən sistem
Təhsil: yerinə yetirilməyən vədlər, inkişafa xidmət etməyən sistem

Təhsil cəmiyyətin yaralı yeridir. Yeni tədris ili başlayır, ümidlər var, amma gözləntilər böyük deyil. Təhsil sistemi ciddi islahatlara ehtiyac duyur. Bu istiqamətdə xeyli irəliləmiş Qərb ölkələrinin təcrübəsi başqa şey deyir. Həmin dövlətlərdə şagirdlərin özünü ifadə etməsi, bacarıqlarının ortaya çıxarılması daha mühüm sayılır. Biz isə hələ də məktəbliləri yükləyirik.

Bizimyol.info xəbər verir ki, “Azərbaycan 2020: Gələcəyə Baxış” inkişaf konsepsiyasında 2020-ci ilə qədər ölkədəki bütün şagirdlərin kompüterlə təmin ediləcəyi vəd olunmuşdu. Vədin yerinə yetirilib-yetirilməməsini xüsusi araşdırmağa dəyməz. Çünki elə yaxınlarımızdan belə olmadığını bilirik. Dövlət Statistika Komitəsi hələ 2020-ci ildə hər 18 şagirdə 1 kompüter düşdüyünü açıqlamışdı. Açığı, rəqəm şübhəli görünür. Ona görə ki, ölkədə bərbad gündə olan minlərlə sinif otağı var. Yüzminlərlə məktəbli şəraitsiz yerdə təhsil imkanları gözləyir. Bu halda hər 18 şagirdə 1 kompüter düşməsi inandırıcı səslənmir. Elm və Təhsil Naziri Emin Əmrullayev keçən il demişdi ki, durum bir az da yaxşılaşdırılacaq, hər 6 şagirdə 1 kompüter düşəcək. Nazir yaxın üç il üçün belə planın olduğunu bildirmişdi. Son bir ildə ciddi dəyişiklik müşahidə olunmayıb. Azərbaycanlı məktəbli necə təhsillə üz-üzə qalıb? Ağır dərs yükü, ağır çantalar, bitib-tükənməyən ev tapşırıqları, amansız rəqabət mühiti. Halbuki belə olmamalıdır.

Qərb ölkələrində mümkün qədər ev tapşırıqlarının həcmini azaldırlar. Bir sıra dövlətlərdə, ümumiyyətlə, şagird evə dərs qayğısı aparmır. Daha çox Qərbi Avropa və Şimali Avropada planşetlərdən istifadə olunur. Yəni məktəbə kitab daşımağa ehtiyac qalmır. Məsələn, İsveçrədə təhsilin ilk 9 ilində şagirdləri yükləməməyə çalışırlar. Hətta düz-əməlli qiymətləndirmə də aparılmır. Yalnız yuxarı siniflərdə qarşıya ciddi məqsədlər qoyulur. Həmin dövlətlərdə şagirdin kompüterinin olmaması böyük nöqsan sayılır.

Cəmiyyət quru vədlərdən yorulub. Təhsil sektoru həm yaxşı vətəndaş yetişdirmək missiyasını yerinə yetirməlidir, həm də məktəblinin özünü tapmasına kömək etməlidir. Məktəb şagird üçün işgəncə obyekti yox, sevimli yerə çevrilməlidir. Nələr vəd olunur, həyata keçirilmir. Başa düşmək lazımdır ki, keyfiyyətli, cəmiyyətin inkişafına xidmət edən təhsil olmadan yaxşı gələcək yoxdur.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »