Erməni mediasının yazdığına inansaq, yazır Qarabağdakı separatçıların başçısı axır ki yola gəlib. Ağdam yoluna. Yüklərin Ağdam-Xankəndi yolu ilə daşınmasına razılaşıblar. Bu, doğrudan da, belədirsə, Azərbaycan hökumətinin şərtini qəbul ediblər demək.
Bilmirəm, "Hraparak" qəzeti nə qədər doğru yazıb. Arayik Arutyunyan həqiqətən belə bir fikir deyibmi? Qərar veriblərmi?! Demək çətindir.
Ancaq mən Ermənistan mənbələrinə deyil, Azərbaycana inanıram. Xankəndinin, Xocalının, Xocavəndin, Ağdərənin, Əskəranın və hələ ki, azadlıqda olmayan başqa ərazilərimizin Azərbaycanın suverenliyinə keçəcəyinə ümid etmirəm. Yox! Daha ümid etmirəm. Çünki buna qəti əminəm. Sadəcə, geci-tezi var.
İrəvanda, Xankəndində kimin nə deməsi, nə "qərar verməsi" bizim üçün əsas deyil. Qarabağa dair qərarlar Bakıda verilir. Və o qərar verilib artıq. Artıq icrasınada başlanılıb.
Azərbaycan prezidenti bu zamana qədər işğal altında olan torpaqlarla bağlı, nə deyibsə, necə deyibsə, elə də olub. Daha doğrusu, dediyini edib. Hələlik separatçı-terrorçu dəstənin əlində qalan əhali və ərazi də mütləq və mütləq azad olunacaq. Dediyim kimi, sadəcə, ümid etmirəm. Ürəkdən inanıram.
Bu inam ona əsaslanır ki, əvvəla, bu, Azərbaycanın qanuni haqqıdır, ikincisi, Azərbaycan cəmiyyətinin, harda yaşamasından asılı olmayaraq bütün azərbaycanlıların istəyi, hətta tələbidir, üçüncüsü, bu məsələdə Azərbaycan hakimiyyəti də çox qərarlı və israrlıdır; Qarabağın azadlığına nail olmaq üçün hər cür qanuni və zəruri vasitələrdən istifadə etməkdə qətiyyətli görünür. Bu məsələdə cəmiyyətin də, hökumətin də fikri, mövqeyi eynidir. Çünki bu, milli maraqlar, milli təhlükəsizlik məsələsidir. Burda müxalif fikir, zidd mövqe yoxdur.
Sözün doğrusu, 44 günlük müharibəyə qədər mən dövlət başçısının, hökumətin: "Torpaqları azad edəcəyik" vədinə çox da inana bilmirdim. Ölkə prezidenti dəfələrlə deyirdi ki, vaxt gələcək, Şuşaya, Qarabağa qayıdacağıq. Bir yandan bu sözlərə ürəkdən inanmaq istəyirdim, bir yandan da beynəlxalq şəraitə, daxili vəziyyətə baxıb, tərəddüd edirdim. İnanmaqda çox çətinlik çəkirdim. Düşünürdüm: dövlət millətin ümidini itirməməsi, Qarabağı itirilmiş saymaması, məğlubiyyətlə barışmaması üçün belə deyir. Bunu da doğru sayırdım. Çünki məğlubiyyətlə barışmaq olmazdı. Biz əgər məğlubiyyətlə barışsaydıq, o zaman, doğrudan da, məğlub olardıq.
Ölkə prezidenti isə hər çıxışında torpaqların azad olunacağını deyirdi. Həm də əlavə edirdi ki, danışıqlar nəticə verməsə, bunu hərb yolu ilə edəcəyik. Qarşı tərəf, təbii ki, bunu "müharibə ritorikası" adlandıraraq dünyada Azərbaycana qarşı pressinq yaratmağa çalışırdı. Ancaq prezident bu məsələdə düzünü deyirmiş və düz edirdi. Əgər rəhbər məğlubiyyətlə barışsaydı, yaxud hətta barışmış kimi görünsəydi, bu, milləti də, ordunu da ruhdan salardı. Ancaq o, əksini etdi və düz etdi.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşaya bir səfərində şəhəri gəzirdi. İlham Əliyev hələ işğal altında qalan Xankəndini, kəndləri göstərəndə, qonaq Azərbaycan prezidentindən qardaş səmimiyyəti ilə soruşdu:
- Ora da getmisən?
Prezident Əliyev: "Yox, ora getməmişəm, amma gedəcəm" deyə cavab verdi.
Mən bu cavaba inanıram. Zaman gələcək, biz prezident kortejinin Ağdam-Xankəndi yolunda irəlilədiyini, Xankəndində də, hələ getmədiyimiz başqa şəhər və kəndlərimizdə də Azərbaycan bayrağının dalğalandığını görəcəyik.
Bəlkə də siz buna inanmayacaqsınız. Ancaq mən inanıram.
O günə çox qalmayıb.
Bahəddin HəziBahəddin Həzi, Bizimyol.info






