Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Köhnə, nimdaş avtomobillər ölkəsi... Vətəndaş əldən düşmüş avtobuslarla mənzil başına çatmağa çalışır
Köhnə, nimdaş avtomobillər ölkəsi... Vətəndaş əldən düşmüş avtobuslarla mənzil başına çatmağa çalışır

Ölkə əhalisinin nəzərəçarpan hissəsinin paytaxtda məskunlaşması bizdə elə təəssürat yaradır ki, Azərbaycanda avtomobillərin sayı ehtiyac olandan çoxdur. Əslində isə əhalinin yalnız 14 faizinin şəxsi maşını var. Olanların əksəri köhnə, nimdaş avtomobillərdir. Rəsmi rəqəmlər də belə deyir.

Bizimyol.info xəbər verir ki, Azərbaycanda yaşı 20 ildən çox olan minik maşınları ümumi avtomobil parkının 45 faizini təşkil edir. Ölkədə sosial vəziyyətin yetərincə pis olduğunu göstərən statistikadır. Xüsusilə Bakıda xidmət sektorunda median əməkhaqqına yaxın məbləğə bir ay işləməli olan şəxslərin avtomobilə ehtiyacı var. Bunun üçün isə köhnə, nimdaş maşın almaq lazım gəlir. Yəni ölkədə 1 milyon 400 mindən çox avtomobilin olması ilə qürrələnmək mənasızdır. Onsuz da əksəri ömrünün böyük hissəsini yaşamış maşınlardır.

İnsanlar çarəsizlikdən köhnə nəqliyyat vasitələrinə müraciət etməli olur. Burada hər şeydən əvvəl sosial vəziyyətin yaxşı olmaması rol oynayır. Tamamilə sıradan çıxmamış avtomobil almaq üçün azı 15-20 min manata ehtiyacı var. Ölkədə böyük əksəriyyətin buna gücü çatmır. Bundan başqa, idxal rüsumlarının yüksək olması insanlara ağır zərbə vurur. İdxal rüsumu əksər hallarda avtomobilin xaricdəki dəyərinin 50 faizinə çatır.

Ölkənin avtomobil parkında durumun yaxşı olmamasını bahalı maşınların sayı da göstərir. Bizdə həmişə belə fikir olub ki, “camaatda pul var, yoxsa küçələrdə bu qədər bahalı maşınlar şütüməzdi”. Kökündən yanlış fikirdir. Ölkədə dəyəri 100 min manatı keçən avtomobillərin sayı 50 minə çatmır. Deyirsiniz, oliqarxlar, məmurlar, onların yaxın ətrafı bu qədər avtomobil ala bilməzdi? Kimsə bahalı maşın sürürsə, bunu sadə adamların ayağına yazmaq lazım deyil. Məsələn, ölkədə 327 “Bentley” var. Hər halda bu maşını xidmət sektorunda işləyən sadə vətəndaş sürmür.

Ölkədə insanların böyük hissəsi gündəlik qazanc arxasınca qaçır. Köhnə, nimdaş avtomobillər isə onlara bir parça çörək qazanmağa kömək edir. Avtobuslarla bağlı vəziyyət isə lap pisdir. Daha çox ictimai nəqliyyatda işə yarayan maşınların 63 faizinin yaşı 20 ili keçib. Yəni ölkə vətəndaşı çox əldən düşmüş avtobuslarla mənzil başına çatmağa çalışır. Azərbaycandakı durumu tərifləyəndə belə vacib statistik göstəriciləri unutmaq lazım deyil.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »