Bu səbəbdən baş verənləri “Fransada irqçiliyə qarşı üsyan” kimi xarakterizə edə bilərik. Statistik məlumatlardan belə anlaşılır ki, polis qeyri-fransalılara qarşı daha sərt davranır və silahdan istifadə etmək hüququndan daha rahat istifadə edir.
Şəhərətrafı ərazilərdə yoxsulluq
Bu qiyam nə ilk, nə də sonuncu olacaq. Çünki üsyana səbəb olan əsas problem Fransada getdikcə daha da dərinləşir. Həmin zəmin Fransada “rifah dövləti”ni tədricən ləğv edən neoliberalizmdir. Neoliberalizm isə ən çox Fransanın şəhərətrafı ərazilərinə zərbə vurur.
Fransa İkinci Dünya Müharibəsindən sonra, 1945-1975-ci illər arasında şəhərin ətrafında kütləvi evlər tikildi. Bu yaşayış massivləri əvvəlcə Fransanın orta təbəqəsi üçün tikilsə də, lakin sonradan Əlcəzair müharibəsindən sonra yüksək işsizlik və irqi gərginlik səbəbindən aşağı gəlirli immiqrant icmalarına verildi.
Şəhərətrafı ərazilər Fransanın ən kasıb yerləridir. Şəhərətrafı qəsəbələrdə işsizlik səviyyəsi ümumilikdə Fransadan iki dəfə çoxdur. Bəzi şəhərətrafı qəsəbələrdə işsizlik 40 faizə çatır. Fransa əhalisinin 14 faizi yoxsulluq həddinin altında yaşasa da, şəhərətrafı qəsəbələrdə bu nisbət 40 faizi keçir.
Keçmiş Fransa müstəmləkələrinin qarşıdurmalardakı əsas rolu
Şəhərətrafı ərazilər və orada yaşayan yoxsul afrikalılar və asiyalılar, şübhəsiz ki, fransız müstəmləkəçiliyinin nəticəsidir. Bu həqiqət hər şeydən daha vacibdir və ən əsas problemdir. Fransız müstəmləkəçiliyini “unudaraq” nə Fransadakı mühacirlərin çoxluğunu, nə də fransız ifrat sağçı irqçiliyini təsir-reaksiya münasibətinin əksi kimi başa düşmək olar.
Beləliklə, bu faktı gözardı edərək ediləcək hər hansı bir analiz səhvdir. Təbii ki, həmin təhlildən çıxacaq həll təklifi də problemli olacaq.
Neoliberalizm və sosial dövlətin parçalanması
İkinci böyük həqiqət, Fransada neoliberalizm və bunun nəticəsində sosial dövlətin dağılmasıdır.
Bu çöküş Makron dövründə daha da artdı. 90-cı illərdə şəhərətrafı qəsəbələrdə hələ də sosial dövlət var idi. Şəhərətrafı qəsəbələrdə işsizliyi azaltmağa və gəncləri cəmiyyətə inteqrasiya etməyə çalışan çoxlu birliklər və sosial institutlar var idi. Sosial dövlətin aləti olan sosial institutlar neoliberal siyasət nəticəsində maliyyə çatışmazlığından xidmət edə bilməyib və bağlanıb.
Beləliklə, neoliberalizm şəhərətrafı ərazilərdə sosial dövləti məhv etdi. İndi şəhərətrafı ərazilərdə dövlət yalnız polis qüvvəsi olaraq qalıb.
Mətin Şükürlü, Bizimyol.info






