Azərbaycan doğulanlar arasında cins seçiminin pozulduğu ölkələr sırasında dünyada birinci yerdədir. BMT-nin Əhali Fondunun (UNFPA) araşdırmaları, o cümlədən son illər aparılan demoqrafik proseslərin təhlili nəticəsində ölkədə doğulan uşaqların cins strukturunda oğlanların payının və artım tempinin daha yüksək olduğu müəyyən edilib.
Bizimyol.info xəbər verir ki, ölkədə doğulan uşaqların cins nisbətilə bağlı Dövlət Statistika Komitəsinin açıqladığı rəqəmlər də həyəcan təbili çalmağa əsas verir.
Bioloji normaya görə, yenidoğulmuşların cins nisbətində hər 100 qıza 102-106 oğlan düşür. Lakin Azərbaycanda bu norma kəskin pozulur. Təkcə son iki ilin rəqəmləri bunu deməyə əsas verir.
2021-ci ilin göstəricilərinə görə, Azərbaycanda hər 100 doğulan qıza 116 oğlan düşüb. 2022-ci ildə isə bu rəqəm hər 100 qıza 112 oğlan təşkil edib. 2020-ci ildə isə rəqəmlər 100-ün 114-ə nisbətində olub.
Ekspertlər deyir ki, normanın bu şəkildə pozulması yeni doğulan uşaqlar arasında oğlanlara üstünlük verilməsinin nəticəsidir. Başqa sözlə, bir sıra hallarda qızlar hələ ana bətnində arzuolunmaz hesab edilir. Son nəticədə selektiv abortlar doğulan uşaqlar arasında cins nisbətinin pozulmasına gətirib çıxarır.
BMT-nin Əhali Fondunun hesablamalarına görə, Azərbaycanda doğulan uşaqlar arasında cins nisbətinin pozulması bu şəkildə davam edərsə, 2050-ci ilə qədər ölkədə doğulan oğlan uşaqlarının sayı qızlardan 12-15 min nəfər çox olacaq. Oğlan uşaqlarının sayında artımın bu cür və ya daha yuxarı templə irəliləməsi isə ictimai həyatın bütün sahələrində acınacaqlı fəsadlara yol aça bilər.
Aytən, Bizimyol.info






