Türkiyə-Azərbaycan əlaqələrinin qardaşlıqdan kənara çıxdığı institusional səviyyə, Turan birliyinə gedən yolda bizə böyük ümid verir. Buna baxmayaraq, Türkiyədəki seçki prosesində (xüsusən də Sinan Oğan vasitəsilə) Türkiyə və Azərbaycandakı millətçi təbəqələr tərəfindən məhəllə dedi-qoduları səviyyəsində iddialar irəli sürülür.
“Mən bir türk millətçisi və Turan aşiqi kimi bu iddiaların Türkiyə ilə Azərbaycan arasındakı institusional quruluşa zərər vuracağından narahatam. Türkiyədə seçkilər davam edir. Türkiyə Cümhuriyyətinin vətəndaşları öz seçimlərini edirlər. Bu seçimləri yalnız səs verən Türkiyə Respublikası vətəndaşları şərh edə bilər. Bu seçimlərlə bağlı Azərbaycan və Türkiyə arasındakı institusional quruluşa zərər verəcək şərhlər üçün həm Türkiyədə, həm də Azərbaycanda Türk millətçilərini sağlam düşüncəyə dəvət edirəm”.
Bu barədə Bizimyol.info xəbər portalına Türkiyəli jurnalist Ali Doğan danışıb. O, təəssüflə qeyd edib ki, Türkiyədə aralarında milliyətçi olmasından şübhə etdiyi bəzi şəxslər şayiələrə əsaslanaraq, azərbaycanlı əsilli cənab Sinan Oğanın seçkilərin ikinci turunda Ərdoğanı dəstəkləməsində Azərbaycanın rol oynadığını iddia edirlər.
Ali Doğan“Oğan bəy, Azərbaycan əsilli Türkiyə Respublikasının vətəndaşıdır. O, Türkiyənin daxili dinamikasını əsas gətirərək seçimini edib. Mən görürəm ki, bu adamlar Azərbaycan əleyhinə ritorikalarını sərtləşdirirlər. Anadolu Türklərinin millətçi damarlarının Azərbaycan Türklərinə qarşı qalxması yaxşı əlamət deyil.
Oğanın 2-ci turda Azərbaycan prezidenti İlham Əliyevin təklifi ilə Ərdoğana dəstək bəyanatı verdiyinə dair sübutunuz varsa, onu ortaya qoyun, əks halda məhəllə dedi-qodularını yaymayın. Bilin ki, Türk düşmənlərinin dəyirmanına su tökürsünüz. Nə Türkiyə "banan respublikası"dır, nə də Azərbaycan. Azərbaycan Türkiyə Respublikası vətəndaşlarının seçiminə hörmətlə yanaşır. Azərbaycanın seçkiyə müdaxilə etməsi fikrini bir kənara qoyun”-deyən Ali Doğan bildirib ki, Azərbaycan-Türkiyə münasibətləri şəxsiyyətlərarası dostluq əsasında qurulan münasibətləri çoxdan üstələyib və işləmə mexanizmi ilə institusional xarakter alıb. Bunu pozmağa heç kimin haqqı yoxdur, xüsusən də Turansevər Türk millətçilərinin.
Doğan etiraf edir ki, Türkiyədəki seçkilərin Ərdoğanın lehinə bitməsi ilə bağlı Azərbaycanda güclü istək var və bu istək hər platformada öz əksini tapır.
“Bu, yalnız ayrı-ayrı şəxslərin şəxsi istəkləridir. Azərbaycan dövlətinə aidiyyatı yoxdur”-deyə Doğan fikrini yekunlaşdırıb.
P.S. Xatırladaq ki, ötən gün Türkiyədə prezident seçkilərində “Ata” İttifaqından namizəd kimi irəli sürülən Sinan Oğan seçkilərin ikinci turunda Cümhur İttifaqının, yəni Rəcəb Tayyib Ərdoğanın yanında olduğunu bəyan edib. Bu bəyanatdan sonra sosial şəbəkələrdə mesajlar, paylaşımlar edilib. Bu paylaşımlar öz növbəsində Azərbaycanın Türkiyə seçkilərinə müdaxilə etməsi kimi qiymətləndirilib. Əslində seçki prosesində bu kimi paylaşımların birmənalı qarşılanmayacağı anlaşılandır. Çünki müəyyən bir təbəqə Ali Doğanın da qeyd etdiyi kimi şayiələrə uyaraq Azərbaycanın seçkilərə Oğan vasitəsilə müdaxilə etdiyini düşünə bilər. Bu səbəbdən də, seçimlərimiz və pərəstiş etdiyimiz şəxslər kim olursa olsun, seçkilərin nəticəsini gözləməliyik.
İradə Cəlil, Bizimyol.info






