Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Salyan şöbəsinin həbsdə olan sədri Əlizamin Salayevin anası Şamama Salayeva Prezident İlham Əliyev və Birinci Vitse-Prezident Mehriban Əliyevaya müraciət edib. Şamama Salayeva 102 gündür aclıq edən oğlunun həyatının təhlükə altında olduğunu vurğulayaraq, onun xilası üçün yardım istəyib. Bu barədə Bizimyol.info-ya Əlizamin Salayevin ailəsindən məlumat verilib.
69 yaşlı Şamama Salayeva müraciətində göstərib ki, Qaradağ rayon Məhkəməsində oğlunun vəziyyətini görəndən sonra gecə-gündüz ağlayır.
“Məhkəmədə oğlumu ölümcül vəziyyətdə görəndən bu yana nə gecəm var, nə gündüzüm. Hər dəqiqə o ağır xəbəri alacağım qorxusuyla yaşayıram. Bir ana üçün bu sözlə ifadə olunmayacaq qədər ağır əzabdır.
Cənab prezident, hörmətli Mehriban xanım, sizlərdən bir ana olaraq, xahiş edirəm, məni bu əzabdan qurtarın, ciyərim yanır...”, - Şamama Salayeva müraciətində yazır.
Onun sözlərinə görə, oğlu 3 ay yarıma yaxındır aclıq edir deyə, o da normal qidalanmır.
Əlizamin Salayev fevralın 7-də həbs olunub. Ona qarşı Cinayət Məcəlləsinin 221.3 (silah və ya silah qismində əşyadan istifadə etməklə xuliqanlıq) maddəsilə ittiham irəli sürülüb. O, fevralın 6-dan 7-nə keçən gecə saat təxminən 1-in yarısında “Lökbatan dairəsi” adlanan ərazidə Natiq Süleymanov adlı şəxsə bıçaqla xəsarət yetirməkdə ittiham olunur.
Lakin Əlizamin Salayev bu ittihamı rədd edir. O, məhkəmədə bildirib ki, bu ittiham yalandır. Onun sözlərinə görə, fevralın 6-da gecə saat 23.00 radələrində Salyan rayonuna qayıtmaq üçün əvvəldən danışdığı taksiyə minmək üçün həmin əraziyə gəlib. Orada getdiyi zaman bir nəfər tanımadığı şəxs söyüş söyə-söyə üstünə gəlib. Baş verənlərin təxribat olduğunu dərhal anlayıb və həmin adamı itələyib oradan uzaqlaşmaq istəyəndə isə kənardan xeyli sayda mülki geyimli polis onu saxlayıb.
Əlizamin Salayevin sözlərinə görə, ərazidəki çoxsaylı kamera görüntülərinə baxış keçirilsə, dediklərinin doğru olduğu sübut olunar.
Lakin onun vəkilinin sorğusuna cavab verilib ki, ərazidəki Təhlükəsiz şəhər kameraları həmin vaxt işləməyib.
Əlizamin Salayevin işinə hazırda Qaradağ rayon Məhkəməsində baxılır. Mayın 22-də onun məhkəməsində prokuror çıxış edib, cəza istəyəcək.
Əlizamin Salayev bildirib ki, aclıq etdiyi müddətdə təxminən 50 kiloqram çəki tirib. O, hazırda Penitensiar Xidmətin Müalicə Müəssisəsində saxlanılır.
Aytən, Bizimyol.info






