Azərbaycanda rəsmi statistika işsizliklə bağlı gerçək mənzərəyə işıq salmır. Ölkədə işsizlərin sayı sənədlərdə göstəriləndən dəfələrlə çoxdur. Elə əməkhaqqı ilə bağlı vəziyyət də belədir. İş elanlarına göz atmaq kifayətdir ki, vəziyyətin necə acınacaqlı olduğuna əminlik yaransın.
Bizimyol.info xəbər verir ki, elan saytlarında təkliflərin əksəri sərfəli deyil. İşlər ağır, yazılan qazanc və ya məvacib isə çox aşağıdır. Daha çox fəhləyə ehtiyac duyulur. İnsanlardan gözlənilən isə qul əməyidir.
Sosial mediada son günlər bir elan çox paylaşılır. Hövsan kərpic zavodunda həm qadınlara, həm də kişilərə fəhlə işi təklif edilir. Məvacib 400 manatdır. Bu pulu qazanmaq üçün hər gün 10 saat işləmək lazımdır. İstirahət günü yoxdur. Dincəlmək istəyən hər gün məvacibinin azı 13 manatını itirəcək.
Elanın bəzi hissələri insanları aşağılamağa hesablanıb. Yazılanlara deməyə söz tapılmır: “Səhər saat 10-da çay vaxtıdır: 15 dəqiqə. Çayla qəndi biz veririk. Saat 12-də nahardır, ozunuz gətirirsiniz. Saat 3-də yenə 15 dəqiqə çay vaxtıdır. Uzaqdan gəlib işləmək istəyənlərin nəzərinə: burda qalmağa yer yoxdur. Ancaq kirayə ev tutub qala bilər özü”.
Fəhlələrin işinin əsasən kərpic yığmaq olduğu qeyd edilib. Elan sosial mediada qəzəblə qarşılanıb. Qul əməyinin təklif olunması insanları özündən çıxarıb. Amma iş orasındadır ki, elanların əksərində oxşar mənzərə var. Müxtəlif sahələrdə işlər həmişə ağır fiziki əmək istəməsə də, məvacibin azlığı, əvəzində iş saatının çoxluğu diqqət çəkir. Məsələn, Sabunçu qəsəbəsində kiçik mağazada satıcı işi üçün cəmi 400 manat maaş təklif olunur. Əvəzində işçi burada 13 saat yarım vaxt keçirməlidir, özü də istirahət günündən söhbət gedə bilməz.
Başqa bir elana nəzər yetirək. Süleyman Rüstəm küçəsində yerləşdiyi bildirilən müəssisənin qadın operatora ehtiyacı var. Hər gün işdə 9 saat keçirmək lazımdır. Operator stresi idarə etməyi, komandada işləməyi, problemlərin həllini tapmağı, məsuliyyətli olmağı, nəzakətli davranmağı, yaxşı ünsiyyəti bacarmalıdır. Əvəzində yenə 400 manat maaş.
Ümumiyyətlə, iş elanlarının çoxu əmək qanunvericiliyinin pozulmasına işarə vurur. Bəzən 14-15 saatlıq işlərdən danışılır. Yəni işçi evə yalnız yatmağa getməlidir. Məvaciblə isə Bakıda hətta normal kirayə ev tapmaq da müşkül məsələdir.
Ölkədə işsizliklə bağlı vəziyyət çox acınacaqlıdır. Saxta rəqəmlərlə gözə kül üfürməkdənsə, durumu nəinki yaxşılaşdırmaq, ümumiyyətlə, kökündən dəyişmək lazımdır. İnsanlar böyük təbii sərvətləri olan ölkədə qul əməyi ilə məşğul olmamalıdır.
Aytən, Bizimyol.info






