Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Burada Azərbaycanı günahlandırmaq yersizdir"
"Burada Azərbaycanı günahlandırmaq yersizdir"

Rusiya Xarici İşlər Nazirliyi həm Azərbaycan, həm də Ermənistan tərəfindən Dağlıq Qarabağda atəşkəs rejiminin pozulması hallarının sayının artdığını açıqlayıb. Rusiya XİN hər iki ölkənin vətəndaşlarının mütəmadi olaraq atəşə məruz qaldığını bildirib. Eyni zamanda XİN Azərbaycan və Ermənistan tərəflərini 2020-ci ilin noyabrında Rusiyanın köməyi ilə bağlanmış sazişlərə dərhal qayıtmağa çağırıb.

Ümumiyyətlə, Rusiya XİN-in bəyanatında müxtəlif fikirlərə toxunulub. Görünür, XİN rəsmiləri bu açıqlamanı hazırladıqları zaman Azərbaycanın 3 il gözlədiyini unudublar. Bu 3 ildə Ermənistandan Qarabağa silah-sursat, diversant qruplar və s. vasitələr daşınıb. Bunun qarşısını almaq da Azərbaycanın vəzifəsi idi. Çünki Qarabağ Azərbaycanındır…

Politoloq İlyas Hüseynov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Azərbaycan öz suveren hüquqlarından çıxış edərək, ərazi bütövlüyünün qorunması istiqamətində müfaviq addımlar atır. Laçın Xankəndi yolunun üzərində qurulan nəzarət buraxılış məntəqəsi regionun təhlükəsizliyi və sabitliyi baxımından mühüm əhəmiyyət kəsb edir. Rusiyanın Xarici İşlər Nazirliyinin açıqlaması sadəcə təəssüf doğurur.

İlyas Hüseynov İlyas Hüseynzadə

“Çünki 3 ilə yaxın müddət ərzində Rusiya tərəfi də, 3 tərəfli birgə bəyanatın maddələrinin həyata keçirilməsi üçün zəruri addımlar atmalı idi. Müxtəlif danışıqlar, görüşlər, təmaslar keçirməklə yalnız məsələləri açıq saxlamaq, gələcək danışıqlar üçün zəmin formalaşdırmaq həll yolu deyil. Belə mənasız danışıqlarda Azərbaycan iştirak etməyəcəkdi. Bununla bağlı da Azərbaycanın qəti mövqeyi dəfələrlə bəyan olunmuşdu. ATƏT-in Minsk qrupu formatı dəfn olunduqdan sonra belə sistemlə danışıqlar aparmağın mənasız olması da diqqətə çatdırılmışdı”-deyə politoloq bildirib. O, qeyd edib ki, Rusiya sülhməramlıları Azərbaycan ərazisinə torpaq örtüklü yolla daşınan silah sursatın, minanın, canlı qüvvənin, daşınan avadanlıqların müşayətini həyata keçirib. Yaxşı olardı ki, Rusiya bu məsələlərə dair mövqe bildirsin və Azərbaycanın ərazi bütövlüyünü tanıdığı təqdirdə Rusiya sülhməramlılarının belə, qanunsuz daşınmalarda iştirakı tamamilə qəbul olunmazdır və regionda sülhə təhdid törədir. Rusiya sülhməramlılarının adından göründüyü kimi məramı sülh olmalı regional təhlükəsizliyə dair fəaliyyətin gücləndirilməsindən doğan məsələlərin həlli prioritet hesab olunmalıdır.

“Atəşkəs rejiminin pozulma hallarının artmasına dair müşahidələr də mənə elə gəlir ki, elə Azərbaycanın regional təhlükəsizliyinin gücləndirilməsi və tədbirlərlə bağlı olan məsələlərə aiddir. Lakin təbii ki, Ermənistan tərəfi Azərbaycan mövqelərini atəşə tutacaqsa, Azərbaycan buna qarşılıq olaraq cavab verəcəkdir. Biz öz təhlükəsizliyimizi qarantiyaya almalıyıq. Təhlükəsizliyimizin keşiyində dayanmalıyıq və bu da hər bir dövlətin milli təhlükəsizlik doktrinasında təsbit olunan məsələlərdir. Ona görə də burada Azərbaycanı günahlandırmaq və Azərbaycana dair hansısa suallar ünvanlamaq da yersizdir”-deyə politoloq bildirib.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »