Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Məhkəmənin Putin haqda qərarı Azərbaycan-Qərb əlaqələrinə problem yarada bilər”
“Məhkəmənin Putin haqda qərarı Azərbaycan-Qərb əlaqələrinə problem yarada bilər”

On gündən çoxdur ki, Beynəlxalq Cinayət Məhkəməsi Rusiya Prezidenti Vladimir Putinin həbsinə order verib. Kremlin rəhbəri hərbi cinayətdə təqsirləndirilir. Ona qarşı Ukraynaya müdaxilə zamanı işğal olunmuş ərazilərdən uşaqların Rusiyaya qanunsuz deportasiya edilməsi ilə bağlı ittiham irəli sürülüb.

Bu order Putinin Roma Statutunu ratifikasiya etmiş 123 dövlətdə həbs olunmasına imkan verir. Yəni şimal dövlətinin başçısını dünyanın əksər ölkələrində təhlükə gözləyir.

Bəs bu qərar Azərbaycan üçün hansı yeni vəziyyət yaradır?

Nəzərə almaq lazımdır ki, Beynəlxalq Cinayət Məhkəməsinin qərarı Roma Statunu ratifikasiya etmiş ölkələrdə keçərlidir. O ölkələrin siyahısında isə Azərbaycanın adı yoxdur. Bizim ölkənin adını nəinki ratifikasiya edən, heç sazişi imzalayanlar arasında da görmək olmur. Məsələn, Rusiya özü Roma Statutuna imza atıb, amma beynəlxalq razılaşma yerli ali qanunverici orqanda təsdiqini tapmayıb.

Moskva Ermənistanın addımını xəyanət kimi qarşılayır

Yeri gəlmişkən, bugünlərdə Ermənistan Konstitusiya Məhkəməsi Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunun konstitusiyaya zidd olmadığını tanıyıb. Məhkəmənin qərarı sənədin ratifikasiyasına şərait yaradır.

Ermənistan hökuməti keçən ilin sonunda hələ 1998-ci ildə imzalanmış, amma hələ də ratifikasiya olunmamış Roma Statutunun təsdiqi ilə bağlı Konstitusiya Məhkəməsinə müraciət etmişdi. Maraqlıdır ki, Ermənistan Konstitusiya Məhkəməsi 19 il əvvəl sənədi konstitusiyaya zidd saymışdı.

Rusiya mətbuatına göz yetirəndə, siyasi şərhçilərin rəylərini oxuyanda anlaşılır ki, şimal dövlətində Ermənistanın addımını təhqir və xəyanət kimi qarşılayırlar. Açıqlamalarda aşkar qəzəb hiss olunur. Kremlin sözçüsü Dmitri Peskov da baş verənləri tərəfdaşlarıyla müzakirə etməli olduqlarını bildirib.

Bəs Ermənistanda Roma Statutunun ratifikasiya edilməsinə niyə indi bu qədər ciddi yanaşılır? Çünki bu illər ərzində siyasi hakimiyyətdə dəyişiklik olub. Əvvəlki hökumətlərin Moskva ilə münasibətləri daha isti idi. İndi bunu əminliklə demək olmur.

Putin hansı ölkələrə gedə bilər - Türkiyə də var

Roma Statutunu qəbul etməyən ölkələrin sırasında Türkiyə də gözə dəyir.

Siyahıda əsasən Afrikanın, Asiyanın avtoritar, qeyri-demokratik dövlətləri yer alıb. Hər halda, Şimali Koreyanı, Türkmənistanı, Eritreyanı burada görmək təəccüblü deyil.

Bundan başqa, Belarus, Butan, Qətər, Çin, Kuba, Efiopiya, İndoneziya, Laos, Ekvatorial Qvineya, Hindistan, Nepal, Nikaraqua, Səudiyyə Ərəbistanı, Livan, Pakistan, Myanma, Mavritaniya, Ruanda, Somali, Toqo, Vyetnam, Tuvalu, İraq, Bruney və Qazaxıstan da imza atmağa tələsməyib. Əvəzində Rusiyanın indiyə qədər dostu adlandırdığı Venesuela, Boliviya, Serbiya və Ermənistan ölkəyə ayaq basacağı təqdirdə Putini həbs etməlidir.

“Putinin yanında dayanmaq problem yarada bilər”

Azərbaycanla bağlı məsələyə gəlincə, politoloq Şahin Cəfərli deyir ki, Azərbaycan Roma Statutuna qoşulmadığı üçün bununla bağlı hər hansı öhdəliyi yoxdur. Yəni Putin Azərbaycana rahat səfər edə bilər.

“Siyasi baxımdan da, tutaq ki, Beynəlxalq Cinayət Məhkəməsinin qərarından sonra Azərbaycan dövlətinin və prezident İlham Əliyevin Putinlə əməkdaşlıqdan çəkinəcəyini, imtina edəcəyini gözləmək doğru olmaz. Amma istər-istəməz bu qərar müəyyən diskomfort yaradır. Yəni Putinin yanında dayanmaq, onunla sıx əməkdaşlıq, müttəfiqlik əlaqələri qurmaq həmin ölkənin Qərblə əlaqələrinə problem yarada bilər”, - Şahin Cəfərli bildirib.

Bununla belə, istisna olunmur ki, yaxın gələcəkdə Azərbaycan da Roma Statutunu imzalaya bilər. Bizim ölkə müharibə cinayətlərindən çox əziyyət çəkib. Təkcə Xocalı faciəsini xatırlamaq kifayətdir. Azərbaycanın sənədə imza atması daha məntiqli olardı.

Statut 1998-ci il iyulun 17-də Romada keçirilən beynəlxalq konfransda qəbul edilib. İndiyə qədər sazişi 137 dövlət imzalayıb. Yalnız 14 ölkədən başqa hamısı yerli qanunverici orqanda sənədin təsdiqlənməsinə nail olub. Son illər Burundi və Filippin razılaşmadan imtina etmək qərarına gəlib.

Beynəlxalq Cinayət Məhkəməsi dövlətləri yox, fiziki şəxsləri mühakimə edir. Beynəlxalq hüquq qaydasının möhkəmləndirilməsində bu institutun böyük rolu var. Putin Beynəlxalq Cinayət Məhkəməsinin həbsinə order verdiyi üçüncü dövlət başçısı və BMT Təhlükəsizlik Şurasının ilk daimi üzv rəhbəridir. Ondan əvvəl məhkəmə Sudan prezidenti Ömər əl-Bəşir və Liviya lideri Müəmmər Qəddafiyə qarşı ittiham irəli sürmüşdü.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »