Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyədə prezidentliyə namizədin rəqsi trendə çevrilib - Video
Türkiyədə prezidentliyə namizədin rəqsi trendə çevrilib - Video

Türkiyədə növbəti prezident seçkilərinə təxminən iki ay qalıb. Mübarizə çox qızışıb. Zəlzələ müxalifətin qələbə qazanmaq şansını artırıb. Hərçənd Rəcəb Tayyib Ərdoğanın əleyhdarlarının da işləri qaydasında getmir. Bir neçə gündür müxalifət düşərgəsində böhran yaşanır. Vahid namizəd seçmək müşkülə çevrilib. İYİ partiyasının rəhbəri Meral Akşenerin “Altılı masa”nı tərk etməsi, Kemal Kılıçdaroğlunun namizədliyinin dəstəkləməməsi aləmi bir-birinə vurmuşdu. Sular durulmağa başlayıb. Akşener müxalifətdə əksəriyyətin qəbul etdiyi Kılıçdaroğlu variantı ilə razılaşıb.

Bizimyol.info xəbər verir ki, 2018-ci ildə prezident seçkilərində Rəcəb Tayyib Ərdoğana uduzmuş Muharrem İnce də mübarizəyə qoşulub. Amma o, təkcə iqtidarın yox, müxalifətin də siyasəti ilə barışmır. Muharrem İnce çıxışlarından birində hər ikisini bitirəcəklərini demişdi.

Prezidentliyə köhnə-təzə namizədin rəqsi türkiyəli gəcnlərin çox xoşuna gəlib. Məlum video trendə çevrilib. Gənclər sosial mediada bununla bağlı minlərlə video yerləşdiriblər. Onlar İnceni təqlid edərək həm də ona dəstək göstərdiklərini bildirirlər.

Bəs hansı videodan söhbət gedir? Görüntülərdə küçədə gəncləri görən Muharrem İncenin bir neçə saniyə maraqlı rəqs fraqmenti göstərdiyi nəzərə çarpır. Gənclər bunu çox xoş qarşılayırlar. Bundan sonra çoxlu videolar çəkilib. Sosial platformalarda “Muharrem İnce axını” yazmaq kifayətdir ki, onun təqlidi əks olunmuş neçə-neçə video çıxsın.

Prezdentliyə namizəd televiziya verilişlərinin birində bu haqda danışıb. Muharrem İnce gənclərin addımını çox bəyəndiyini deyib.

Buna baxmayaraq, ekspertlər 2018-ci il seçki iştirakçısının bu dəfə şansının çox yüksək olmadığına əmindir. Onlar məşhur rəqsin də İncenin işinə yaramayacağını düşünürlər. “Altılı masa”nın özünə gəlməsi, vahid namizəd məsələsinin həllini tapması vəziyyəti dəyişir. Üstəlik, Ərdoğanın yüksək nitq bacarığını da unutmaq olmaz. Hətta indiki prezidentin şansının çox da azalmadığını demək olar.

Muharrem İnce 2018-ci ildə CHP-nin namizədi kimi seçkidə iştirak etmişdi. Bundan sonra siyasətçi özünün partiyasını yaratmaq qərarına gəlmişdi. Amma Məmləkət Partiyasının populyarlığı yüksək deyil.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »