Türkiyənin faciəsinə xeyli ölkə həssaslıq nümayiş etdirdi. Çoxlu yardım maşınları, təyyarələri göndərildi. Xilasedicilərin siyahısında 100-ə qədər ölkənin adını görmək mümkündür. Həmişə Türkiyə ilə gərginlik yaşayan Yunanıstan da biganə qalmadı. Qonşu ölkədən yardımlar gəldi, xilasedicilər böyük fədakarlıq nümunəsi göstərməyə başladı. Yayılan videolardan birində körpəni xilas edən yunanıstanlıların necə ağladığı görünür.
Bizimyol.info xəbər verir ki, Yunanstanın xilasedicilər qrupu artıq vətənə qayıdıb. Kahramanmaraşda dağıntılar altında qalanların xilası üçün əlindən gələni əsirgəməyən Afina komandası mətbuat konfransı keçirib. Tibbi heyətin rəhbəri Sokratis Dukas Türkiyədə çox isti münasibətlə qarşılaşdıqlarını deyib. O, mətbuat konfransında zəlzələ bölgəsində keçirdikləri hisslərdən, təcrübələrdən, qonşu ölkə təəssüratından danışıb.
“Zəlzələdən zərər görənlər öz dərdlərini bir kənara qoyub bizə çay, yemək, şirniyyat gətirirdilər. Türk xalqı ilə çox yaxşı münasibətimiz yarandı. Hara getsək, yunan olduğumuzu biləndə bizi qucaqladılar. Yalnız dostluq mesajı gördük. Bizimlə ailə üzvü kimi davrandılar”.
Komanda onlara peçenye təklif edən 7-8 yaşlı oğlanın, xilas olunanların, onların yaxınlarının xoşbəxtliyini, dağıntıların ətrafındakı parkda oynayan uşaqlarla bağlı unudulmaz xatirələri dilə gətirib. Axtarış-xilasetmə qrupunun rəis müavini Aravanis Eftimis Avropa Mülki Müdafiə Mexanizmi çərçivəsində axtarış-xilasetmə işlərində göstərilən beynəlxalq həmrəyliyə toxunaraq, ilk yardımın hər zaman qonşudan gözlənildiyini və daha çox qonşudan gəldiyini bildirib. Eftimis ölkələr arasında belə həmrəyliyin vacib olduğunu vurğulayıb.
Sosial mediada da Yunanıstandan gələn axtarış-xilasetmə qrupunun fədakarlığından çox yazılır. Qonşu ölkəyə düşmən kimi baxmağın yanlışlığı qeyd edilir. Problemin daha çox siyasətçilərdə olduğu bildirilir.
Zəlzələdən Türkiyənin 11 şəhəri zərər görüb. Həyatını itirənlərin sayı 35 min nəfəri keçib. Xilasedicilər hələ də dağıntılar altından sağ insanlar çıxarmağa nail olur. Azərbaycanın 725 nəfərlik axtarış-xilasetmə qrupu da Türkiyədə işini davam etdirir.
Aytən, Bizimyol.info






