Bazar ertəsi, fevralın 6-da Türkiyənin Kahramanmaraş vilayətində ard-arda iki güclü zəlzələ baş verib.
Bizimyol.info xəbər verir ki, ilk zəlzələ saat 04:17-də Pazarcık rayonunda 7,7 bal gücündə baş verib. Bu zəlzələdən sonra saat 13.24-də episentri Elbistan rayonu olan maqnitudası 7,6 bal gücündə daha bir zəlzələ baş verib.
Zəlzələ Kahramanmaraş, Kilis, Diyarbəkir, Adana, Osmaniye, Qaziantep, Şanlıurfa, Adıyaman, Malatya və Hatayda böyük dağıntılara səbəb olub.
Mərkəzləri Pazarcık və Elbistan rayonlarında olan zəlzələlərdən sonra 3 min 170 təkan meydana gəldi.
Prezident Rəcəb Tayyib Ərdoğan dünən zəlzələnin 9-cu günündə 10 vilayətdə həlak olanların ümumi sayının 35 min 418-ə yüksəldiyini, 105 min 505 nəfərin yaralandığını açıqlayıb. Ərdoğan yaralılardan 13208 nəfərin hələ də xəstəxanada müalicəsinin davam etdiyini bildirib.
Türkiyə Fövqəladə Halların İdarə Edilməsi Agentliyindən verilən məlumatda zəlzələdən zərər çəkmiş əyalətlərdən 195 min 962 fəlakət qurbanının başqa əyalətlərə təxliyə edildiyini bildirdi.
Qadir, Bizimyol.info






